“Azərbaycan cəmiyyətində aqressivliyin bu həddə olması çox narahatlıq doğuran məqamdır. Bu, ilk növbədə sürət əsrinin təsiri ilə əlqələndirilir. İnsanlar hər şeyi tez bir zamanda əldə etməyə çalışır. Əgər bu gün internet yoxdursa, səbrlə gözləmək əvəzinə, onlar əsəb keçirirlər. Hazırda insanların bir-birindən gözləntisi çoxalıb. Bu təkcə cəmiyyətə deyil, eyni zamanda ailə üzvlərinə də şamil edilir. Məsələn, dünən anasını boğub öldürən oğlan məsələnin mahiyyətinə varmadan problemi “kök”ündən həll edib. Eyni zamanda, öz bacısını xüsusi amansızlıqla qətlə yetirən qız da belə davranıb”.
Bunu Modern.az saytına açıqlamasında psixoloq Elnur Rüstəmov son günlər ölkədə ailə-məişət zəminində baş verən cinayətlərin səbəblərini izah edərəkən söyləyib.
Psixoloqun fikrincə, hazırda insanlar həyat haqqında yanaşmalarını dəyişməlidirlər, çünki insanlarda canavarlaşma gedir: “Erik Fron da vaxtilə bu haqda yazıb. Bacının bacısını qətlə yetirməsinə kompleks yanaşılmalıdır. Birinci növbədə nəzərə almaq lazımdır ki, 3 bacı bir evdə qalıblar, tələbədirlər. Tələbə olmayana qədər belə, ata evində birgə yaşayıblar.
Onu da qeyd edim ki, bizim cəmiyyətimizdə əsasən oğlan uşaqlarının olmadığı, 3-4 bacının doğulduğu ailələrdə qızlara qarşı basqı olur, qızlar daha çox əxlaqi baxımdan qorunur. Ananın “oturuşuna-duruşuna, yerişinə, danışığına fikir ver, o paltarı geyinmə, atanın adına söz gəlməsin” kimi iradları onları bezdirir. Qardaş olanda fikirləşilir ki, o bacılarını qoruyacaq. Olmayanda isə ailə üzvləri şüuraltı olaraq bu işi icra etməyə başlayır”.
Elnur Rüstəmovun sözlərinə görə, bacılar arasında münasibətlər bir anda korlana bilməzdi: “Bu cinayətə bir dəfə baş verən mübahisə səbəb ola bilməz. Bu, zaman-zaman yaşanan konfliktlərin toplusunun təsiri nəticəsində baş verib. Eyni zamanda, həm bu cinayəti törədən, həm də öldürülən qızın psixoloji narahatlığı olub.
Vəfat edən də qarşı tərəfi o həddə gətirib çıxarıb. Ölməsi onun günahsız olması anlamına gəlmir. Digər tərəfdən, cinayətkar bacı deyib ki, “mənim qulağıma səs gəldi ki, vaxtdır, dur başını kəs”. Əgər qızın dediyi doğrudan da baş veribsə, bu şizofreniyanın simptomları kimi dəyərləndirilməlidir. Ailə bunu öncədən müşahidə etməliydi. Əgər ailə bunu bilib tədbir görməyibsə, onların da məsuliyyəti var.
Qeyd edək ki, Xətai rayonu Xudu Məmmədov küçəsi 18 ünvanında əslən Şəkidən olan Pərvanə Nuriyeva 20 yaşlı bacısı Günelin başını kəsib. O, istintaqa verdiyi ilkin ifadəsində, əvvəlcə bacısının cinsi azlıq olduğuna görə öldürdüyünü, sonra isə bədəninə cin girdiyini və ona bacısını öldürməyi əmr etdiyini deyib.