Müzəffər Baxışov: «Azərbaycanda məhkəmə sistemi ən bərbad vəziyyətdə olan bir sahədir»
Bakıda keçirilən “İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfransda Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov «maraqlı» fikirlər səsləndirib. F.Ələsgərov deyib ki, Azərbaycan İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının dəyərlərinin geniş yayılmasını dəstəkləyir. Azərbaycan insan hüquqlarının qorunması istiqamətində səmərəli fəaliyyət göstərdiyinə iddia edən F.Ələsgərov vurğulayıb ki, Azərbaycanda qanunvericilik təkmilləşdirilir, hakimlər üçün təlimlər keçirilir, məhkəmə infrastrukturu təkmilləşdirilir: «İnsan hüquq və azadlıqlarının təmin edilməsinə əsas rol məhkəmələrə məxsusdur. Ölkəmizdə müstəqil və səmərəli məhkəmə işlərinin təmin edilməsi üçün məqsədyönlü işlər aparılır. Məhkəmə Hüquq Şurası, Ədliyyə Akademiyası yaradılıb. Azərbaycanda hakimlərin seçilməsinə dair yeni şəffaf prosedurlar ən yaxşı təcrübələrdən biri kimi qəbul edilib”.
F. Ələsgərov qeyd edib ki, hazırda hakimlər korpusunun 60 faizini bu şəffaf prosedurla qəbul olunan hakimlər təşkil edir. F.Ələsgərov eyni zamanda vurğulayıb ki, Azərbaycan dövləti Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşır.
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, F.Ələsgərovun fikirləri tam yalandır və həqiqətə söykənmir. M.Baxışovun sözlərinə görə, qaydalara görə 60 və daha yüksək bal toplayan şəxs, müəyyən prosedurlardan və yazılı mərhələdən sonra hakimliyə namizəd ola bilər. Məhz bu mərhələlər keçildikdən sonra hakimliyə namizəd olan şəxsin namizədliyi Məhkəmə Hüquq Şurası tərəfindən prezidentə təqdim olunur: «2000-ci ildən indiyə qədər 5 dəfə hakimliyə namizədlərin seçkisi həyata keçirilib. Hər il bu seçkilərdə ciddi qanun pozuntularına yol verilir. 2000-ci ildə bu prosedur şəffaf olmadığına görə bu tələbləri ödəməyən şəxslər də hakim təyin olunmuşdular. Amma 2005-ci ildə bu prosedurlarda ilkin mərhələdə şəffaflıq təmin olunduğuna görə bütün Azərbaycan ictimaiyyəti bildi ki, hansı qanun pozuntularına yol verilir. 2005-ci ildə hakim seçkilərində mən də iştirak etmişəm və birinci, ikinci mərhələdə ən yüksək bal göstəricilərindən biri mənə məxsus idi. Üçüncü mərhələdə isə hakimlərin seçki komitəsinin sədri Fuad Ağayev mən cavab verən zaman söylədi ki, siz çox yüksək səviyyədə cavab verirsiniz. Sən demə o, bununla özünü sığortalayırmış. Çünki mənə münasibətin nədən ibarət olduğunu bilirmiş. Sonradan nəticələr elan olunanda 68 nəfər həmin mərhələdən keçdi. Mənim adım isə həmin siyahıda yox idi. Bu bir daha təsdiq edir ki, Fuad Ələsgərovun hakimlərin seçkisi ilə bağlı söylədikləri tam yalandır. Mən bunu tam məsuliyyətimlə deyirəm. Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov hansı şəxsin hakim vəzifəsinə təyinatına razılıq verirsə, həmin şəxs imtahanların nəticələrinə görə hakim olur. Onun konkret şəxsə qarşı belə bir razılığı olmasa həmin şəxsin hansı nəticə görməsi əhəmiyyət daşımır».
Azərbaycanın Avropa Məhkəməsinin qərarlarını icra etdiyi ilə bağlı söylənilənlərə gəlincə isə, M.Baxışov bildirdi ki, dəfələrlə Azərbaycan məhkəmələrində qəbul olunan qərarların insan hüquq və azadlıqlarını kobud şəkildə pozduğu vurğulanıb. Həmin işlərə yenidən baxılsa da, yenə də həmin qanunsuz qərarlar qüvvədə saxlanılıb.: «Məhkəmələrədə heç bir şəffaflıq yoxdur. Əksər hakimlər qərarları ya siyasi sifariş, ya da aldıqları rüşvət əsasında qəbul edirlər. Azərbaycanda məhkəmə sistemi ən bərbad vəziyyətdə olan bir sahədir. Hakimləri vəzifədən kənarlaşdırmaq çox asan olduğuna görə onlar verilən sfiarişi icra edirlər».
Xəyal