İkram İsrafilin Aydın Mirzəzadəni toya çağırmasına tutulan iradları partiya sədri hansı səbəblərə bağladı?
Müsavatın Divan üzvü İkram İsrafilin övladının toyuna YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadəni dəvət etməsinə AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədliovun facebook-da irad bildirməsi qarşı tərəfdə ciddi qıcıq doğurub. Bu iradın facebook-da müzakirəsi arxivə keçsə də “Yeni Müsavat” qəzetində ona cavablar hələ də dərc olunur.
Qəzet ötən gün bu mövzuda hətta YAPyanlı deputatlardan Zahid Orucun da mövqeyini öyrənmişdi. O da bir facebook qeydinə görə bütövlükdə AXCP-ni “Taliban təfəkkürlü” adlandırmışdı.
Bu gün isə qəzetdə eyni mövzuda “Azadlıq” partiyasının sədri Əhməd Orucun yazısı dərc olunub.
Əhməd Oruc da İkram İsrafilin “toya dəvət seçimi”nə haqq qazandıraraq AXCP-ni ittiham edir: “İkram İsrafilin oğlunun toyunda çəkilmiş bir şəklin bir qisim Şarikovlar tərəfindən bu cür qılıncla qarşılanacağı gözlənilən deyildi.
Açığı, bir sıra məqalə və müsahibələrimdə AXCP-nin demokratik düşərgədə dağıdıcı bir mövqedən çıxış etdiyini, bu yolun səhv olduğunu və tezliklə bu mövqedən çəkinəcəyinə inandığımı bildirmişdim. Amma bu müxalifət daxili barışmaz mövqenin AXCP tərəfindən düşmənçilik, qisasçılıq mövqelərinə qədər irəliləyəcəyini gözləmirdim…”.
Əhməd Oruc nədənsə belə hesab edir ki, sosial şəbəkələrdə xüsusi fəallığı ilə seçilən və ən müxtəlif mövzulara toxunan Natiq Ədilovun qeydi AXCP sədri Əli Kərimliyə məxsusdur: “Eks-millət vəkili İkram İsrafilin oğlunun toyuna millət vəkillərini (o cümlədən YAP-dan olanları) dəvət etməsini “milli xəyanət” səviyyəsinə qaldırıblar. Bu işin başında Əli Kərimlinin 1-ci müavini (? – red.) və mətbuat xidmətinin rəhbəri, yəni dolayısı ilə Əli bəyin özü durur”.
Əhməd Oruc daha sonra Milli Şuranı “hakimiyyətdən qovulmuşlar”, “bir mandata görə siyasi əqidəsindən dönənlər”, “deputat olmaq üçün yaxın tariximizi saxtalaşdıranlar”, “düşmən ölkələrin agenturaları” kimi ittihamlarla “qaralayıb” və ona qarşı ənənəvi “ermənipərəst” yarlığı da yapışdırmaq istəyib. “Ölkədəki digər müxalifət partiyalarına, hakimiyyət nümayəndələrinə, onların bir araya gəlməsinə bu cür barışmaz, düşmənçilik mövqelərindən çıxış edənlər Azərbaycana qarşı həqiqi düşmən mövqelərdən çıxış edən ermənilərə qarşı bu cür aqressiv deyillər, son illər ərzində ermənilərin, onların havadarlarının xoşuna gəlməyəcək bir cümlə belə işlətməyiblər, tarixin müəyyən məqamlarında onlardan pay-püş də alıblar. Birmənalı şəkildə ermənilərin xeyrinə olan “xalq diplomatiyası” maskası altında fəaliyyət göstərənləri müdafiə edirlər”.
Əhməd Oruc sonda bir facebook qeydinin arxasında “böyük səbəblər” axtarıb və maraqlı nəticəyə gəlib. Onun fikrincə, səbəblərdən biri Milli Şuranın özünü yeganə barışmaz qüvvə kimi göstərmək istəyidir. İkinci (Əhməd Oruc bunu həm də əsas səbəb kimi göstərir) səbəb isə “hakimiyyətlə digər müxalif qüvvələrin bir araya gəlməsi ehtimalıdır”. Əhməd Oruca görə, haqqında danışılan faktı tənqid edənlər bunu YAP-Müsavat əməkdaşlığının başlanğıcı hesab ediblər.