Bir qədər əvvəl icbari sığorta ilə bağlı intensiv iş aparıldığını deyən baş nazirin müavini indi tələsməməyi tövsiyyə edir
“Azərbaycanda icbari sığortanın tətbiqi ilə əlaqədar qanunvericilik bazası var. Bu, kifayət qədər maliyyə və əmək tutumlu işdir. Amma burada tələskənliyə yol vermək olmaz. Bu mənada daha çox işləmək, yüz ölçüb-bir biçmək lazımdır ki, səhv buraxılmasın”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi Azərbaycanın 10 milyona yaxın hər bir vətəndaşının marağına toxunan məsələ olduğuna görə kifayət qədər həssaslıq tələb edir.
Əli Əhmədov qeyd edib ki, ayrı-ayrı ölkələrin timsalında, xüsusilə keçmiş Sovetlər Birliyi ölkələrində bu sahədə bir sıra nöqsanlara yol verilib: “Bu da həmin ölkələrdə aparılan islahatların lazımi nəticəyə gətirib çıxarmasına imkan vermədi. Ona görə də çalışmalıyıq ki, tələsmədən, ancaq qarşımıza qoyduğumuz məqsədə qəti addımlarla gedərək, nöqsanlara yol vermədən insanların sağlamlığının qorunması üçün ən əlverişli sistemin yaranmasına nail ola bilək”.
Bir müddət əvvəl Əli Əhmədov açıqlamasında bildirmişdi ki, icbari sığortanın tətbiq edilməsi zəruridir və bununla bağlı intensiv iş aparılır. Amma indi baş nazirin müavini tələsməməyi tövsiyə edir. Bu da səbəbsiz deyil. Icbari sığortanın tətbiqi vətəndaşların marağına xidmət etsə də, oliqarxların biznesinə ciddi zərbədir. Əvvəla ona görə ki, icbari sığorta səhiyyə sahəsində korrupsiya və rüşvətxorluğa ciddi zərbə vuracaq ki, bu bütövlükdə hakimiyyətə sərf etmir. Digər tərəfdən ölkədə fəaliyyət göstərən özəl klinikalar oliqarxların nəzarətindədir. Hazırda dövlət xəstəxanası da maliyyə xərclərinə görə özəl klinikalardan fərqlənmir. Yəni, vətəndaş dövlət xəstəxanasına da müalicə olunmaq üçün qanunsuz olsa da “ödəniş” etməyə məcbur edilir. Icbari sığortaya keçiddən sonra isə dövlət xəstəxənalarında vətəndaş “ödəniş” tələb etmək mümkün olmayacaq. Beləliklə, vətəndaş dövlət xəstəxanasında, məsələn, əməliyyat olunmağa üstün verəcək.
Əli Əhmədovun dünənki açıqlamasından belə qənaətə gəlmək olar baş nazirin müavini oliqarxlarla toqquşa biləcəyinin fərqinə varıb. Ona görə də “tələsmək lazım deyil” deyərək özünü qorumağa çalışıb.