Bugünə qədər nə işlə məşğul idiniz?
“Azərbaycanda radikal dini cərəyanların yayılmasına imkan verməyəcəyik. Onların iqtisadi bazasını məhv edəcəyik. Ideoloji bazası ilə mübarizə isə dindarların işidir”. Bunu Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları Idarəsində (QMI) keçirilən müşavirədə bildirib.
Mübariz Qurbanlının dediklərindən də aydın olur ki, bugünə qədər zərərli dini cərəyanlarla bağlı heç bir iş aparılmayıb və onların iqtisadi fəaliyyətinə imkan yaradılıb. Ancaq gerçəklik odur ki, yüzlərlə azərbaycanlı bu zərərli təbliğatın təsiri altına düşür və nəticədə həyatını itirir. Eyni zamanda belə təbliğatın qurbanı olan adamlar, lazımi məqamlarda Azərbaycana da zərbə vura bilər.
Bütün bunlara baxmayaraq, hakimiyyət radikal qruplaşmaların iqtisadi bazasını məhv etməyə gələcəkdə başlamaq istəyir.
Ötən yazılarımızda da qeyd etmişdik ki, belə dini cərəyanların nümayəndələri Azərbaycanda böyük ticarətlə məşğuldular və bir çox sahələr onların monopoliyasındadır.
Ümumiyyətlə, Azərbaycan hakimiyyəti Hüsnü Mübarək modelindən istifadə edərək ölkədəki sivil müxalifəti məhv etməklə məşğul olub və əvəzində dini cərəyanlara meydan açıb. Məhz bunun nəticəsidir ki, ölkədə 400-ə yaxın dini icma qeydiyyatdan keçib.
Guya hakimiyyət bu “siyasət”lə özü üçün arqument bazası yaradıb və hakimiyyət kürsüsünü sığortalayıb. Yəni dünyadan demokratiya çağırışları sərtləşəndə, “biz demokratik islahatlar aparsaq, dini qüvvələr hakimiyyəti zəbt edəcək” arqumenti ilə silahlanmaq istəyirlər. Ancaq bu üsul da öz inandırıcılığını itirib və yuxarıda sadaladığımız hallar da göstərir ki, ölkədə radikal meyllərin güclənməsinə hakimiyyət şərait yaradır.
Bir sözlə, inqilablara bais olanlar da, inqilabların acı xəmirini yoğuranlar da hakimiyyətlər olur.
Indi isə YAP hakimiyyəti bu qərara gəlib ki, belə cərəyanları maddi baxımdan məhv etsinlər. Görünür, iqtisadi məsələlər hökumətimiz üçün prioritet olduğu üçün, təhlükəyə iqtisadi tərəfdən yanaşırlar.
Nə qədər ki, ölkədə azad sözə, fərqli fikrə imkan yaradılmayıb, nə qədər ki, vətəndaş cəmiyyətinin fəaliyyəti məhdudlaşıdırılır, nə qədər ki, təhsilsizlik siyasəti yürüdülür, bu ölkənin təhlükəsizliyindən danışmaq qeyri-real görünür.
Yəni ilk növbədə yanlış siyasəti məhv etmək lazımdır. Əks halda, məmurlara bağlı olan radikal cərəyanların iqtisadi bazasını məhv etmək mümkün olmayacaq.
Akif