Pozulmuş hüquqlarına ictimaiyyətin diqqətini çəkmək üçün
Qarabağ əlillərinin hüquq və güzəştlərini icra hakimiyyəti orqanlarının mənimsəməsi, “Əlillərin sosial müdafiəsi haqqında” qanunun tələblərinə zidd olaraq əmlak, qaraj tikintisi, torpaq hüquqlarının təmin edilməməsi sosial müdafiəyə ehtiyacı olan bu şəxsləri rəsmi fəaliyyətdə olan qurumların intihara təhrik etməsinə etiraz olaraq, toplumun diqqətini əlillərin problemlərinə yönəltmək amacı ilə mitinq keçirilməsinə qərar vermişik.
Qarabağ əlilləri adi insan hüquqlarından da məhrum edilib. Ombudsman isə onların hüquqlarını mənimsəyən qurumların qanunazidd cavablarını təkrarlamaqla kifayətlənir. Əlillərə torpaq vermək əvəzinə, istifadələrində olanı da saxta sənədlərlə ələ keçirirlər. “Əlillərin sosial müdafiəsi haqqında” qanunun 34-cü maddəsini icra edib əlillərə yaşadıqları ərazidə qaraj tikintisi üçün torpaq ayırmağa borclu olan icra hakimiyyətləri qanunun tələbinə əməl etmək əvəzinə torpaq alverilə məşğuldurlar. Bu sahədəki özbaşınalıq BŞIH-dən qaynaqlanır. RIH-lər BŞIH-in sərəncamı ilə qanuna qadağa qoyulduğunu bildirirlər. Belə çıxır, qanunla torpaq, qaraj, sahibkarlıq hüququ təsbit edilən əlillərin yox, bu hüququ təmin etməli olan icra orqanlarının qanunsuz qərarları, sərəncamları Konstitusiyadan da yüksəkdədir.
Əlillərin reabilitasiya vasitələri də sığorta qurumlarının, yol polisinin güdazına gedir. Təsəvvür edin, Qarabağ əlilindən törətmədiyi “qəzaya” görə “Rəvan” sığorta şirkəti 9 min pul tələb edir! Qarabağ əlili intihar etməsin, neyləsin? Heç bir qurum da onun müdafiəsinə qalxmır! Ombudsman isə məhkəmənin işinə qarışmadığını bildirir. Axı “Əlillərin sosial müdafiəsi haqqında” qanunun 8-ci maddəsinə görə, əlillərin hüquq, azadlıq və qanuni mənafeləri məhkəmə qaydasında və digər qaydalarda DÖVLƏT tərəfindən təmin edilir. Bizə isə heç vəkil də ayrılmır, DÖVLƏT özü məhkəmə yolu ilə hüquq və güzəştlərimizi mənimsəyir.
8 noyabr 2014-cü ildə saat 15-dən 17-yə kimi mitinq keçirmək məqsədilə BŞIH-ə müraciət edib, Yasamal rayonundakı “Məhsul” stadionunda, ya da Nərimanov metrostansiyasının çıxışındakı parkda yer ayırmasını xahiş edirik.
Məğrur Bədəlsoy, Təşkilat komitəsinin sədri, 1-ci qrup Qarabağ əlili