Pərviz Həşimlinin məhkəməsində vəkili hədələyən tatuajlı “şahid”i “Məhsul”a kim göndərmişdi?
Onu ilk gördüyüm andan beynim axtarışda idi. Axı bu adamı tanımalıyam! Bu sifət mənə hardan tanışdı?!
Söhbət Mİlli Şuranın mitinqində İŞİD bayrağı qaldırarkən AXCP fəalları Elşən Həsənov və Dəyanət Babayevin yaxaladığı adamdan gedir.
Həmin səhnənin videosuna növbəti dəfə baxanda “EVRİKA!” deyə qışqırdım. Bəli, bu odur! “Gülsatan qız”, pardon, üzəduran oğlan!
Ad: Orxan, soyad: Məmmədzadə, ata adı: Məmməd! Ünvanı: Yasamal rayonu, Nizami küçəsi. Ev nömrəsi hələ qalsın.
Bəs bu yoldaşı belə təfərrüatla tanımağım nədəndi? Çox sadə səbəbdən. Mən onun bir başqa “qəhrəmanlığına” şahid olmuşam. Özü də tək yox. Hadisəni nəql edəcəm, çoxları barmağını dişləyib, “bu oymuş” deyəcək!
Beləliklə, sözü uzatmayıb elə tarixdən iqtibas edim. Bu il aprelin 6-da hüquq müdafiəçisi, vicdsan məhbusu Pərviz Həşimlinin məhkəməsində Milli Şuranın sədri Cəmil Həsənli ilə yanaşı bəndəniz və xeyli sayda ictimai fəal iştirak edirdi. Prosesdə hal şahidləri dindirilirdi. Onların da biri, bəli, düz tapdınız, bu dırnaqarası İŞİD-çi provakator idi. Məmmədzadə o prosesdə də özünün aktyorluq məharəti ilə seçildi. Necə, hansı formada, gəlin bunu elə prosesdən hazırladığım reportajdan oxuyaq:
“Sonda Bakı sakini Orxan Məmmədzadə ifadə verdi. Anket məlumatlarından belə məlum oldu ki, 1970-ci il təvəllüdlü şahid subaydır, özü də latın qrafikası ilə yazıb-oxumağı bacarmır.Orxan Məmmədzadə Təvəkkül Qurbanovun avtomobilində axtarış aparılması haqda danışdı. Bildirdi ki, işdən çıxıb evə gedərkən ona nazirliyin əməkdaşları yaxınlaşıb və şahidlik etməsini təklif ediblər: “Mən də şahidliyə razılaşdım. Maşına nazirliyin həyətində baxış oldu. Ön oturacağın altından Təvəkkül Qurbanov özü bir kağıza bütülmüş 2800 dollar pul və üstündə əntik malların şəkli olan kağızlar çıxarıb təhvil verdi. Sonra yazdılar, pozdular, mən də imza etdim”.Şahidin əllərindəki çoxsaylı döymə yazı (tatu) olduğu üçün ona narkomaniyadan əziyyət çəkib-çəkməməsi və məhkumluq həyatı yaşayıb-yaşamadığı haqda sual verildi. Şahid narkoman olmadığını, amma 1994-cü ildə adam döyməyə görə məhkum olunduğunu dedi.Vəkil Elçin Sadıqovun isə şahidə “2800 dollardan sənə nə qədər verildi?” sualı həm hakim, həm də şahid tərəfindən kəskin reaksiya ilə qarşılandı. Hakim vəkilə xəbərdarlıq elan etsə də, şahid bununla qane olmadı.“Pulu siz alırsız. Mən heç kimdən pul almıram. Bu söhbətə görə də sən mənə cavab verəcəksən”, – deyə o, Elçin Sadıqovu hədələyərək zalı tərk etdi”.
***
Beləliklə, daha bir nümunə ilə sübut olundu ki, bizim ölkədə terroçu roluna girən də, terroru bu yolla reklam edən də hakimiyyətin özüdür. Milli Şuranın mitinqində qaldırılan İŞİD bayraqları əslində hökumətin qara üzünü simvolizə edirdi.
Natiq