Azərbaycandakı «gülənçilər»in də hərəkətə keçəcəyi gözlənilir
Türkiyənin hakim partiyası AKP-dən istefa verən millət vəkili Idris Bal yeni partiya yaradacağını bəyan edib. “Qafqazinfo” xəbər verir ki, o öz açıqlamasında heç bir ayrı-seçkilik olmadan, hamıya xidmət edə biləcək bir partiya quracağını bildirib.
Idris Bal Fəthullah Gülənin ən güclü tərəfdarlarındandır. Türkiyə mediası qurulan partiyanın Fətullah Gülənə xidmət edəcəyini iddia edir.
Qeyd edək ki, Türkiyədə keçirilən “rüşvət əməliyyatları”ndan sonra Fətullah Gülənlə bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan arasında konflikt daha da dərinləşdi. O zaman baş nazir olan Ərdoğan çox çətinliklə vəziyyətdən çıxdı. Onun prezident seçiləcəyi təqdirdə hakimiyyətdə və AKP-də kök salmış “gülənçilər”i neytrallaşdıracağı bildirilirdi. Idris Balın istefasından görünür ki, artıq bu prosesə start verilib.
Qeyd edək ki, “gülənçilər” Azərbaycanda böyük gücə malikdir. Bir müddət əvvəl “nurçu qalmaqalı”nda bu özünü göstərib. O vaxt yayılan məlumatlara görə, Rəcəb Tayyib Ərdoğan Bakıya səfəri zamanı ölkə başçısı Ilham Əliyevə Azərbaycan hakimiyyətində kök salan nurçuların siyahısını təqdim edərək onların zərərsizləşdirilməsini istəyib. Bir qədər sonra nurçularla əlaqədə adı hallanan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanovun, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun tutduqları vəzifədən azad edilməsi, deputat Ceyhun Osmanlının küncə sıxışdırılması, nurçulara bağlı olan “Çağ Öyrətim” təhsil şəbəkəsinin qapadılması göstərdi ki, yayılan məlumatların əsassız deyil.
Bu günlərdə isə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bu ölkənin mətbuatına müsahibəsi zamanı keçən ilin sonlarında Bakıda planlaşdırılan nurçu dövlət çevrilişindən danışıb. “Əgər Ankaradakı, Türkiyədəki 17 dekabar əməliyyatları uğur qazansaydı, Bakı da onların əlinə keçərdi. Bakıdakı əməliyyatlar əmrsiz qaldı. Bu zəncirin halqası tamamlanmadığı üçün Bakıdakılar əmrsiz qaldı”,- deyə o, bildirib.
Güman ki, Türkiyədə “gülənçilər”in partiya yaratması Azərbaycana da təsirsiz ötüşməyəcək.