Vəfa Quluzadə: «Sanksiyalar uzun çəksə, Azərbaycan və digər dövlətlər Rusiyanın yadına düşməyəcək»
Məşhur şahmatçı Harri Kasparov Rusiya prezidenti Vladimir Putinin növbəti hədəflərindən danışıb. “Azadlıq” radiosunun Kiyev bürosuna müsahibə verən Harri Kasparov Putinin zərbə vurmaq üçün növbəti hədəflərinin olduğunu bildirib: “Krımda və Donbasda göstərdiyi aqressiyaya lazımi reaksiyanı görməyən Putin yeni zərbə vurmağa hazırlaşır.
Budəfəki hədəf isə Ukrayna olmaya bilər. Növbəti zərbə Baltikyanı ölkələrə, Azərbaycan, Gürcüstan və Qazaxıstana endirilə bilər. Krımın ilhaqına lazımi sərt reaksiya gəlsəydi, o zaman Donbas hadisələri də olmazdı. Ancaq Rusiyanın Krım problemini həll etmədən Qərblə yaxınlaşması da inandırıcı görünmür. Rusiya Krımla ”oynamamalıdır”. Biz buna bənzər prosesləri 1938-ci ildə müşahidə etmişik (Hitlerin Avstriya və Çexoslvakiyaya aqressiyasını nəzərdə tutur-red.)”.
Politoloq Vəfa Quluzadə Kasparovun açıqlamasını nəzəri cəhətdən real məsələ hesab edərək Putinin arzularının hamıya məlum olduğunu söyləyir. Politoloq qeyd edir ki, Putin imperiyanı bərpa etmək, itirilmiş torpaqları qaytarmaq və bütün rusları birləşdirmək iddiasındadır: “Putin həmçinin Sovet Ittifaqını bərpa etmək istəyindədir. Lakin indiki şəraitdə bu arzular gələcəyə göndərilə bilər. Rusiyaya tətbiq edilən sanksiyalar uzun çəksə, Azərbaycan, Moldova və Gürcüstan onun yadına düşməyəcək. Məsələ bundadır”.
Vəfa Quluzadə deyir ki, hazırda Rusiya və NATO qarşıdurması göz qabağındadır: “Rusiyada Amerika əleyhinə təbliğat gedir. Amerika da öz növbəsində NATO-nu möhkəmləndirir: ”NATO-nun büdcəsinin, əsgəri bazanın güclənməsi məsələsi gündəmdədir. Bunun hamısı Rusiyanın güclənə bilməsini sual qarşısında qoyur. Qərb bilir ki, Rusiya güclənə bilsə, silaha əl atacaq. Rusiya Azərbaycanı, Gürcüstanı, Moldovanı iqtisadi metodlarla özünə cəlb etsə, buna sevinmək olar. Lakin onun bizi cəlb etmək üçün silahdan başqa heç nəyi yoxdur. Kasparovun fikirləri düz olsa da, indiki vəziyyətdə, beynəlxalq şəraitdə qeyri-real görünür”.
Nigar