O, veteran kimi aldığı evin satılaraq «gül bayramı» və Heydər Əliyevin ad gününə xərcləndiyini deyir
Dünən əməkdaşımızla əlaqə saxlayan M.Məcidov apelyasiya şikayətinin Sumqayıt Şəhər Məhkəməsində məqsədli şəkildə gecikdirilməsi ilə bağlı məlumat verib. Xatırladaq ki, 28 sentyabrda Sumqayıt Şəhər Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə I qrup Qarabağ qazisi, Daşaltı əməliyyatında 28 güllə yarası alan Ağdam morqunda 2 gündən sonra dirilən Malik Məcidovun işi üzrə məhkəmə prosesi keçirilmişdi.
M.Məcidov onu intihara vadar edən şəxslər, Sumqayıt IH başçısının müavini Rövşən Sadıqov, Evlərin Bölüşdürülməsi və Qeydiyyatı Şöbəsinin müdiri Sədaqət Əsədovadan Sumqayıt Şəhər Prokurorluğuna şikayət vermişdi. Prokurorluq şikayət işini araşdırarkən təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi olmadığı qənaətinə gələrək işə baxmaqdan imtina etmişdi.
Bu səbəbdən də M.Məcidov Sumqayıt Şəhər Prokurorluğunun hərəkətsizliyindən Sumqayıt Şəhər Məhkəməsinə vəkili Ruslan Mustafazadənin vasitəsilə şikayət edib. Proses zamanı hakim E.Məmmədovun suallarını cavablandıran M.Məcidov prokurorluğun araşdırmasına kəskin etirazını bildirmişdi.
Prokrorluğun araşdırmanı bilərəkdən birtərəfli apardığını demişdi.
Prokuroluğun nümayəndəsi, Sərxan adlı müstəntiqinin çıxışı zamanı məlum olmuşdu ki, prokurorluq Sumqayıt IH başçısının müavini Rövşən Sadıqovun izahatını alaraq işə əlavə etməyib.
Bizim iştirakımızla keçən məhkəmə prosesində hakim qətiyyətlə bildirmişdi ki, R.Sadıqovun izahatı alınaraq işə əlavə olunmalıdır. 1 saat çəkən məhkəmə prosesindən sonra hakim E.Məmmədov bildirdi ki, qərar 30 sentyabr saat 15.00-da elan olunacaq.
Məhkəmədən 20 gündən artıq keçməsinə baxmayaraq vəkil Ruslan Mustafazadənin iş üzrə hazırladığı apelyasiya şikayəti hələ də Sumqayıt Şəhər Məhkəməsinin dəftərxanasındadır.
M.Məcidov apelyasiya şikayətinin sorağı ilə Sumqayıt Apelyasiya Məhkəməsinə gedir. Ona bildirirlər ki, Sumqayıt Şəhər Məhkəməsindən onlara apelyasiya şikayəti daxil olmayıb. Məhkəmənin dəftərxanasından ona israrla bildirirlər ki, sənin şikayətin Apelyasiya Məhkəməsinə göndərilib. Xeyli mübahisədən sonra əsəbləri gərilən M.Məcidov məhkəmənin qarşısında bayılır. Məhkəmə əməkdaşları Təcili Tibbi Yardım çağırır. Ona tibbi yardım göstərilir. Sonra ona bildirilir ki, apelyasiya şikayətin səhvən məhkəmənin dəftərxanasında qalıb, bu gün göndərərik.
M.Məcidovun dediyinə görə, Sumqayıtın keçmiş icra başçısı Vaqif Əliyevin rəhbərliyi dönəmində Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən binadan bir mənzili də 1-ci qrup Qarabağ əlili kimi ona verirlər. Təəssüflər olsun ki, həmin evdə yaşamaq Qarabağ qazisinə qismət olmur. Evlər paylanarkən H.Əliyevin anım günü və “Gül bayramı”na hazırlıq gedirmiş. Sumqayıtın keçmiş başçısı pul sarıdan “sıxıntı” keçirirmiş. Bu səbədən pul əldə etmək üçün mənzillərdən bir neçəsini satmaq qərarına gəlir.
Başçının göstərişi ilə münasib və “yolagəlimli” adam axtarışına çıxırlar. Həmin vaxt Mənzillərin Uçotu, Bölüşdürülməsi və Dəyişdirilməsi şöbəsinin keçmiş müdiri Gülsarə Əhmədova vasitəçilik edərək M.Məcidovla keçmiş IH başçısı V.Əliyevin təmasını təşkil edir.
Başçının iş otağında evi satmaq barədə sövdələşirlər. Sövdələşmədə M.Məcidova bildirilir ki, ona növbəti ev bölgüsündə 2 mənzil veriləcək. Bundan əlavə ona “Karvan Ticarət Mərkəzi”ndən (bir müddət qabaq yandığından fəaliyyətini dayandırıb) bir dükan da hədiyyə ediləcək.
Bu minvalla M.Məcidovu aldadaraq ona verilən evi satırlar. “Gül bayramı” təmtəraqla yola verilir. Xeyli müddətdən sonra növbəti ev bölgüsündə vəd verildiyinə baxmayaraq M.Məcidova ev verilmir. O, V.Əliyevdən evini tələb etsə də, heç nəyə nail ola bilmir.
Illərdir Sumqayıtın yeni başçısı E.Əzizovun qəbuluna yazılsa da, onu qəbul edən yoxdur. Çoxsaylı şikayətlərdən sonra M.Məcidov bu il fevralın 14-də Sumqayıt IH-ə dəvət olunur. Onu Sumqayıt IH başçısının müavini Rövşən Sadıqov və Mənzillərin Qeydiyyatı Şöbəsinin müdiri Sədaqət Əsədova qəbul edir. Uzun çəkən mübahisələrdən sonra M.Məcidova bildirirlər ki, onu keçmiş icra başçısı Vaqif Əliyevin şəhərə rəhbərlik etdiyi vaxtdan ev növbəsindən çıxarıblar.
Bu cavabdan sonra depressiyaya düşən M.Məcidov özünü yandıracağını deyir. IH başçısının müavini Rövşən Sadıqov ona bildirir ki, “özünü yandırmaq istəyirsənsə, get ailənidə yandır, özün bilərsən”.
Sumqayıt IH başçısının müavini Rövşən Sadıqov və Mənzillərin Qeydiyyatı Şöbəsinin müdiri Sədaqət Əsədovanın haqsız davranışı onu intihar həddinə çatdırır.
Qəbul otağından çıxan M.Məcidov Sumqayıt IH qarşısında üzərinə benzin tökür. Yaxınlıqda xidmət aparan Sumqayıt Polis Idarəsinin əməkdaşları onun yanmasının qarşısını alırlar.
Polislər onu Sumqayıt Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çatdırırlar. Reanimasiya şöbəsində ona 2- ci dərəcəli texniki yanıq diaqnozu qoyulur.
2 gün reanimasiya şöbəsində qalan M.Məcidovla ANS telekanalı da maraqlanır. Çəklişə gələn ANS-çilərə polislər mane olur.
Intihar hadisəsinin ölkəni silkələcəyindən qayğılanan başçı Eldar Əzizovun göstərişinə əsasən M.Məcidovun yanıq müalicəsi dayandırılaraq onu narkoloji dispanserə aparırlar. Inustrumental laborator analizlər zamanı M.Məcidovda narkotik qəbul etməsi haqqında heç nə aşkarlanmır.
Göstərişə əsasən o, Sumqayıt Şəhər Ruhi Əsəb Dispanserinə aparılır. 15 gün Ruhi Əsəb Dispanserində “müalicə” alan M.Məcidov sonda evə yazılır. Dispanserdə məcburi verilən psixotrop həblər və uyuşdurucu ineksiyanın təsiri hələ də onun bədənindən tam təmizlənməyib.
Başına gətirilən bu rəzalətdən sonra M.Məcidov Sumqayıt Şəhər Məhkəməsinə üz tutub.
Şakir Həsənsu