Coşqun
Əvvəllər fərqli geyinən oğlanları yalnız şəhərin mərkəzində – “Torqovıy” adlandırmağa alışdığımız küçədə görmək mümkün idi. Yavaş-yavaş onların hərəkət trayektoriyası genişləndi, daş küçələrdən metroya, avtobuslara ayaq açmağa başladılar. Onlar əvvəlki kimi kompleksli görünmürlər, qırmızı, yaşıl şalvarlarına, qulaqdakı sırğaya yönələn çəpəki nəzərlərdən bir o qədər sıxılmırlar. O gün birini metroda gördüm, camaatın diqqət mərkəzində olması heç vecinə də deyildi. Burnu pirsinqli qızla rahat söhbət eləyirdi. Heyf, sözləri çox əzib-büzürdü. Hiss olunurdu ki, publikaya “oynayır”. Qırmızı şalvarı pis tutmurdu onu, sol qulağındakı sırğa isə bir az da yaraşıqlı göstərirdi. Saçlarıını səliqə ilə arxaya daramışdı. Əlini dar, bədəninin bütün əzalarını göstərmək iqtidarında olan şalvarının cibinə yarımçıq salmışdı. Bunu da nümayişkəranə şəkildə eləyirdi. Qulaq verdim, ən azı mənim üçün əhəmiyyətsiz mövzudan danışırdı. “C” hərfini xüsusi vurğuyla deyirdi…
Xeyli belə gənc fərqliliyə cəhd göstərdi. Geyimlərini dəyişdilər, qulaqlarına sırğa taxdılar, amma təfəkkür dəyişmədi. Ictimai mövqe yoxdu. Etiraz aksiyalarında onları görməzsiz. Beş-altı nəfərdi, onları da hamımız tanıyırıq. Heç bir haqsızlığa etiraz eləmirlər, cəmiyyət üçün ən həssas məsələlərdə ortada yoxdular. Onları qoyasız ancaq əzilib-büzülsünlər. Qızlarla özlərini rəfiqə kimi aparırlar. Mədəni görünməyə çalışırlar, amma adicə metroya minib-düşmək qaydasını bilmirlər. Elə ki vaqonda özünə yer elədilər, pirsinqli qızlara qoşulub sanki hamıya acıq verirmiş kimi qəhqəhə çəkirlər. Guya, bunlar fərqlidilər. Xarici görünüşdən başqa heç bir məsələdə dəyişikliyə cürət eləmirlər. Onları yalnız qara şalvarlar, ayaqqabılar, gödəkçələr narazı salır. Yalnız buna etiraz eləməyi bacarırlar. Ictimai təfəkkürün yoxluğu cəhənnəmə, heç ailə-məişət müstəvisində müqavimət gücləri yoxdu. Çöldə fərqli görünməyə çalışırlar, amma evdə atasının maaş alacağı günü səbirsizliklə gözləyirlər. Müstəqil deyillər. Əksəri buna cəhd eləməyəcək qədər zəifdi. Pirsinqli qızlarla gülüşməyinə baxmayın, atası bir az xox gələn kimi gedib əmisi qızı ilə evlənəcəklər…
… Mən “20 Yanvar”da vaqonu tərk eləyəndə qırmızı şalvarlı oğlan hələ də əlini cibindən çıxarmamışdı. Sol qulağındakı sırğaya bir də diqqətlə baxdım. Çox parıltılıydı. Oğlan nə dedisə, pirsinqli qız daha bir qəhqəhə çəkdi. Qapılar bağlandı…