Yaxud MSK sədrinin təəccüblü təəccübü
Azərbaycanın ən böyük problemlərindən biri də demokratik seçkilərin keçirilməməsidir. 20 ildən artıqdır ki, heç bir seçkidə xalqın iradəsi ifadə olunmur və hakimiyyət bütün ağlagəlməz vasitələrdən istifadə edərək seçkini saxtalaşdırır. Bu prsesin başında isə MSK və bu qurumun sədri Məzahir Pənahov durur.
Bütün bunlara baxmayaraq Məzahir Pənahov ölkədəki şəffaf seçkidən və Qərbdəki seçki saxtakarlıqlarından danışmağa başlayıb.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda keçirilən görüşdə Məzahir Pənahov çıxış edib və Qərbi ikili standartlarda günahlandırıb. O bildirib ki, Almaniyadakı seçki saxtakarlığı Azərbaycanda olsaydı, aləm qarışardı: “Seçki bülletenində Almaniyanın həmin bölgəsindəki namizədlərin birinin adı yox idi. Soruşdum ki, bu, necə olacaq? Buna çox sakit yanaşdılar. Azərbaycanda belə hadisə olsaydı, bir sıra siyasi qüvvələrin hansı bəyanatlar verəcəyi proqnozlaşdırmaq çətin deyil.ÿDemokratiyanın ən əsas göstəricisi də seçkilərdir. Əfsuslar olsun ki, bu prosesdə də müəyyən söz sahibi olanlar var və mütləq həqiqəti ortaya qoymaq mümkün deyil. Məsələn, Azərbaycanda və başqa bir ölkədə seçki keçirilir, Azərbaycanda seçki daha yaxşı keçirilsə də, digər ölkədə seçkilərin daha yaxşı keçirildiyini bildirirlər. Indiyədək heç bir beynəlxalq təşkilat Azərbaycanda prezident, parlament və bələdiyyə seçkilərinin nəticələrini şübhə altına almayıb”- deyə Məzahir Pənahov bildirib.
Məzahir Pənahov Almaniyada seçkilər zamanı baş vermiş texniki səhvi böyük saxtakarlıq kimi təqdim edərək bizi təəccübləndirmək istəyir. MSK sədrinin nəzərinə çatdırmaq istəyirik ki, Azərbaycandakı seçki saxtakarlıqlarının “çeşid”ləri dünya ictimaiyyəti üçün şok hadisədir. Təkcə 2013-cü il seçkilərində məlum olmuşdu ki, seçicilərin sayı ilə bağlı MSK və DSK-nın məlumatı arasında 1.8 milyon nəfərlik fərq var idi. 2013-cü ilin seçki saxtakarlıqlarına gəlincə, bununla bağlı yüzlərlə fakt var. Qoşa bülletenlərin atılması, “karusel” əməliyyatları və bunların videogörüntüləri bugün də “youtube”nin qonağıdır.
Eyni zamanda Avropa Məhkəməsi bugünə qədər onlarla namizədin seçki saxtakarlığı qurbanı olduğunu sübuta yetirib və Azərbaycan dövləti bu adamlara kompensasiya ödəməyə məcbur qalıb. Beynəlxalq təşkilatların seçkilərə qiymət verməsinə gəlincə, ATƏT-in seçki missiyası son prezident seçkilərini “58 faiz pis və ya çox pis” kimi qiymətləndirdi. Ancaq Məzahir Pənahovun fikirlərində də həqiqət var. Yəni 100 faiz saxtakarlığın 58 faiz qiymətləndirilməsini müsbət hal sayırlar.
Məzahir Pənahov daha sonra deyir: “Dünyaya demokratiya dərsi verməyə çalışan ölkələrin çoxunda seçkiləri müşahidə institutu yoxdur. ATƏT-in hesabatlarında xristian həmrəyliyi var. Bir sıra dövlətlər, beynəlxalq təşkilatların seçkilərlə bağlı mövqeyi obyektiv olmur. Görürsən ki, çatışmazlıqları aradan qaldırmaq yox, fərqli məqsəddən çıxış edirlər. Ona görə də sadəlövh olmamalıyıq. Heç kim bizim əvəzimizə demokratik ölkə qurmaz. Bir sıra böyük ölkələrin dünyanı idarə etmək iddiaları var”.
Bəli, vəziyyət o həddə çatdı ki, Məzahir Pənahov da “Qərbi söymək” “xor”una qoşuldu. Göründüyü kimi, Məzahir Pənahov Azərbaycanda seçkilərin saxtalaşdırılmasını sağlam arqumentlərlə inkar edə bilmir. Axı, ikili standartların, dünyanı idarə etmək istəyinin seçki saxtakarlığına nə aidiyyəti var.
Biz deyirik ki, YAP hakimiyyəti xalqdan səs ala bilməyəcəyinə əmin olduğu üçün seçkini saxtalaşdırır və bunun onlarla inkaredilməz sübutu var. Məzahir Pənahov da deyir ki, sadəlövh olmayaq. Bu xalq sadəlövhlüyün daşını atsa, Məzahir müəllim seçki qutusunu necə sehrləyəcək?
Gərək, Qərbi saxtakarlıqda ittiham etmək məsələsinə Məzahir müəllimi daxil etməyəydilər. Amma etdilər və dünya daha bir “fenomen”ə şahidlik etməkdədir.
Akif