“O, Müsavatın başıqanlısı ola bilər, başkanı yox”
Müsavat Partiyasında qurultaydan sonra yaranmış gərginlik getdikcə artır. Partiyadaxili ziddiyyətlər elə həddə çatıb ki, dünənə qədər eyni yolda yürüyənlər indi bir-birilərinin salamlarını almayacaq qədər düşmənə çevriliblər. Maraqlıdır ki, qarşı tərəflə salam-sabahın kəsilməsində partiyanın yeni başqanı Arif Hacılının adı hallanır.
Moderator.az-ın məlumatına görə, bu gün Müsavat fəallarından birinin ağır günündə Arif Hacılı partiyanın Zəngilan rayon təşkilatının sədri, partiya Məclisinin və Sədrlər Şurasının üzvü Rüfət Əliyevin verdiyi salamı nümayişkaranə şəkildə almayıb. Buna səbəb Rüfət bəyin bir müddət öncə bizim saytımız vasitəsilə yeni başqana etdiyi müraciətdir. Xatırladaq ki, həmin müraciətdə partiya fünksioneri öz başqanını istefaya çağırmışdı. Vaxtilə parlament seçkilərində Arif bəyin səlahiyyətli nümayəndəsi olan R. Əliyevin bu asi davranışı partiya üzvləri arasında şok təsiri yaratmış və ciddi müzakirələrə yol açmışdı.
Partiya üzvünün məlum çağırışını onunla salam-sabahı kəsəcək qədər böyüdən başqanın bu hərəkəti sıravi üzvlər arasında xoş qarşılanmayıb. Xüsusilə Suraxanı və Zəngilan müsavatçıları bu münasibətdən xeyli pəjmürdə olublar. Aldığımız məlumatı dəqiqələşdirmək üçün görüşdüyümüz şahidlər faktı təsdiqlədilər. Salamı alınmayan Rüfət bəyin hadisəyə reaksiyası xeyli sərt oldu: “Müsavat Partiyası milli dəyərləri ön plana çıxaran siyasi qurumdur. Bizim milli mentalitetimizin formalaşmasında isə türk adət-ənənələri və İslam ehkamları xüsusi rol oynayıb. Bu iki dəyər müsavatçılıq ideyalogiyasının təməl prinsipləri kimi qəbul olunub. İstər İslam dinində, istərsə də türk mentalitetində salamın dəyəri həmişə yüksək olub. Dastanlarımızdan öyrəndiyimizə görə, hətta üz-üzə gələn düşmənlər belə bir-birindən salamı əskik etməyiblər. Təsadüfi deyil ki, Koroğlu dastanında əsərin qəhrəmanı döyüşə girməmişdən əvvəl sazını əlinə götürüb Bolu bəyinə, İstanbul koxtarına salamla başlayan şeirlər oxuyub. Eynilə milli ideologiyamızın əsasını təşkil edən dəyərlərdən saydığımız İslam dini də salama xüsusi əhəmiyyət verib. Dinimizdə bir möminin salamını almamaq ciddi qüsur sayılıb. Hətta Türk-İslam inanışına görə, namaz üstündə belə olsan, sənə verilən salamı almalısan. Əks halda bir möminin haqqını özünə qaytarmamış sayılırsan. İndi Müsavat kimi bir partiyaya başqanlıq iddiasında olan adamın bu cür tövrü anlaşılan deyil. Bu tövrü yalnız mənə qarşı bir sayqısızlıq yox, həm də müsavatçılıq ideallarına saymazyana münasibət kimi qiymətləndirirəm”.
Müsavat fünksionerinə ən çox acıq gələn məqam onun verdiyi salamın məhz hüzür yerində alınmamasıdır: “İnsanoğlunun ən çətin anında bütün ortaq tanış və dostlar bir araya gəlir, umu-küsülər unudulur. Hər kəs əlindən gələn gəldiyi qədər mərhumun yaxınlarına başsağlığı verirlər. Mən də, Arif bəy də məhz bu səbəblə eyni hüzür yerindəydik. Ora, təbii ki, umu-küsü yeri deyildi. Biz yas qapısından içəri girdiyimiz andan dünyəvi işlər uğrunda mübarizəmizi bir kənara atmalıydıq. Mən də böyüklük göstərib bu düşüncə ilə Arif bəyə salam verdim. Yoxsa, o, heç bir keyfiyyətinə görə bu salamı haqq etmirdi. Sırf yas yiyəsinin hörmətinə verdiyim salam isə göydən asılı qaldı. Mənimlə üz-üzə gələn Arif bəy gözlərimin içinə baxdığı halda salamı almamaq bir tərəfə, sanki cin-şəyatin görmüşcəsinə yanımdan qaçdı. Bununla da mənim göstərdiyim böyüklüyə layiq olmadığını sübut etdi və özünü orda bulunan hər kəsin gözündə alçaltdı. Təəssüf edirəm ki, böyük Məmməd Əmin Rəsulzadədən yadigar qalan bir partiyaya belə cılız düşüncəli insan rəhbərlik etmək istəyir”.
Zəngilan müsavatçısı əslində Arif Hacılının bu hərəkətini anladığını deyir:-“Mən dəfələrlə onun öz dilindən eşitmişəm ki, özünü Müsavatın başqanlığına hazırlayarkən bir neçə liderin hərəkətlərini məşq edib. Onlardan biri Heydər Əliyev, digəri Ərdoğan, bir başqası isə Hitlerdir. Özü deyir ki, hər gün ən azı bir saatını onların nitqini dinləməklə keçirir, qulağına qulaqçıq taxıb videolarını seyr edir. Adam başa düşmür ki, kimisə təqlid etməklə lider olmaq mümkün deyil. Liderlik insanın öz içindən gəlməlidir. Mən inanmaram ki, onun saatlarla nitqini dinlədiyi bu liderlər bənzər situasiya qarşısında üz-üzə gəldiyi adamın salamını almamaq üçün onun önündən qaçardı. Bu yerdə deyiblər ki, sən kiminsə ayaqqabısını geyinə bilərsən, amma onun yerişini yeriyə bilmərsən. Digər tərəfdən onun yamsıladığı adamların müsavatçılıqla nə əlaqəsi var? Görünür, Arif Hacılı müsavatçılıqla faşizmi ayırd edə biləcək qədər yetkinləşməyib və Hitleri dinləyə-dinləyə faşistləşib. İndi o, faşizmin əsas dəyəri sayılan “ya mənimlə, ya mənə qarşı ol!” tezisindən dünyaya baxır. Arzu edərdim ki, keçmiş başqanımız İsa Qəmbər öz varisinə əsl müsavatçılığı öyrətsin.”
Söhbətinin bu yerində Rüfət bəy keçmiş nostalgiyasını xatırlatmağı da unutmadı: “Arif bəyin bu gün oturduğu masanın əvvəlki sahibi hörmətli başqanımız İsa Qəmbər bütün qarşı görüşlərə səbrlə yanaşardı. Satirik şair Mirzə Sakit bu yaxınlarda paylaşdığı bir statusda bunu etiraf edərək deyirdi ki, hər dəfə İsa bəyi ən kəskin tənqidə məruz qoyanda onun məndən bircə ricası olurdu-“məni nə qədər istərsən tənqid et, amma Müsavat haqqında heç bir mənfi söz demə”. Nə yazıq ki, indi bu qədər böyük bir təfəkkürün yerində Arif Hacılı zehniyyəti oturub-mənim öz partiyamızın taleyini düşünərək dilə gətirdiyim fikirləri başıqanlılıqla qarşılayan bir zehniyyət. Təəssüf ki, bu zehniyyət sahibi hələ də başa düşmür ki, bu cür başıqanlılıqla Müsavatın dəliqanlısı olmaq mümkündür, başkanı yox. Başqan olmaq üçün ilk növbədə təmkin tələb olunur-İsa Qəmbər təmkini. Bir gedişlə Arif Hacılı tarixə Müsavatın başıqanlısı olaraq düşəcək.