Azərbaycanlı fəallar “New York Times”da hakimiyyəti ifşa etdi
Azərbaycan vətəndaş cəmiyyətinin iki tanınmış nümayəndəsi Günay İsmayılova və Samir Kazımlı “New York Times” qəzetində Azərbaycanda repressiyalar nəticəsində yaranmış vəziyyətlə bağlı məqalə ilə çıxış ediblər. Məqalə müəllifləri Azərbaycanda insan hüquq və azadlıqları sahəsindəki vəziyyətin hakimiyyətin apardığı repressiya siyasəti nəticəsində sürətlə pisləşdiyini bildirirlər.
“Siyasi fəallara və vətəndaş cəmiyyəti təmsilçilərinə qarşı saxta ittihamlarla cinayət işləri qaldırılmış və onların bəziləri həbs edilmişdir. Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov həbsxana həyatı yaşamağa məcbur ediliblər. Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı cinayət işi qaldırılıb və ona ölkədən getmək qadağan olunub. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 5 il müddətinə azadlıqdan məhrum edilmişdir.
Avropa İnsan Hüquqları məhkəməsinin Azərbaycanda insan hüquqlarının kobudcasına pozulması faktları ilə bağlı bu vaxta qədər çıxarılmış məhkəmə qərarları belə vəziyyətin dəyişməsinə kömək etməmişdir. Böyük neft pulları nəticəsində korrupsiyalaşmış Azərbaycan rejimi qanunun aliliyinə hörmət etmək prinsipinə sayğısızlıq göstərməkdə davam edir”, – deyə məqalədə bildirilir.
azadliq.info