Əli Kərimli: “Ona veriləcək cəza Azərbaycan üçün ciddi təhlükəyə çevrilə bilər”AXCP sədri Əli Kərimli Moderator.az-a açıqlamasında Azərbaycan
Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevin daxili işlər naziri Ramil Usubovla məhkəmə çəkişməsi sonucunda həbs edilə bilmə ehtimalını şərh edib. Ə.Kərimlinin sözlərinə görə, hakimiyyət tərəfindən belə bir addımın atılması bütövlükdə Azərbaycan üçün arzuedilməz nəticələrə səbəb ola bilər:
“Eldəniz bəyə qarşı məhkəmə prosesinin başlanılmasının özü absurddur. Eldəniz bəyin açıqlamalarında, yazılarında heç bir qanun pozuntusu yoxdur. Mən bunu yalnız siyasətçi kimi deyil, həm də bir hüquqşünas kimi deyirəm. Heç bir ciddi adam bu məhkəmə işinin hansısa perspektivə malik olduğunu düşünməz. Eldəniz bəyin məhkəməyə çəkilməsi Azərbaycanın prinsipial ziyalılarına təzyiq göstərmək cəhdidir. Milli Şura, Xalq Cəbhəsi olaraq Eldəniz bəyə dəstək veririk. Özüm də onun məhkəməsində iştirak etmişəm. Eldəniz bəyin bütün məhkəmələrində Xalq Cəbhəsinin fəalları iştirak edirlər. Milli Şura birmənalı şəkildə bu məsələdə Eldəniz bəyin arxasındadır. Ümid edirəm ki, Azərbaycan hakimiyyətinin təmsilçiləri başlatdıqları bu absurd işi başa çatdırmayacaqlar. Başa düşəcəklər ki, bu işin heç bir perspektivi yoxdur. Eldəniz bəylə bağlı hər hansı ciddi bir cəzanın verilməsi haqqında hökm Azərbaycan üçün ciddi təhlükəyə çevrilə bilər. Ümid edirəm ki, onlar bu səhv yolu sona qədər getməyəcəklər. Buna ümidliyəm…”