Müsavat Partiyasının əsas funksionerlərindən hesab olunan və partiya başqanlığı uğrunda son seçkilərdə Qubad İbadoğlunu dəstəkləyən Vurğun Əyyub başqan Arif Hacılının Müsavatdan istefa verən gəncləri xəyanətkar adlandırmasının, qətiyyən, doğru olmadığını bildirib.
O, Aktual.az-a deyib ki, ümumiyyətlə, nəinki partiyanın, istənilən cəmiyyətin hərəkətverici qüvvəsi gənclər olur:
“Azərbaycanda xalq hərəkatı başlananda da onun əsas enerjili, hərəkətverici qüvvəsi gənclər olub. Ona görə gənclərə daha qayğı ilə yanaşmaq lazımdır. Hətta onlar hansısa səhvlərə yol verirlərsə belə, o səhvə görə onları xəyanətkar elan etmək və yaxud fərari hesab etmək qətiyyən doğru deyil. Gəncləri dinləmək, problemləri öyrənmək, araşdırmaq və düzgün yol göstərmək lazımdır.
V. Əyyub, həmçinin, son narazılıqlardan sonra partiyadan ayrılmaq ehtimalına da toxunub:
“Mən Müsavat partiyası bərpa mərkəzinin üzvlərindən biriyəm. Həyatımın böyük bir hissəsini bu partiyanın qurulmasına sərf eləmişəm. Uzun illər onun rəhbərliyində olmuşam. Təbii ki, mən Müsavat Partiyasının üzvüyəm, amma qurultayda diqqətimi çəkən bəzi pozuntular olub. Onunla da bağlı partiyanın müvafiq orqanlarına müraciət olunub ki, baş vermiş qüsurlara görə cavabdeh olan şəxslər cəzalandırılsın. İndi biz şikayət ərizəsinə verilən cavabı gözləyirik. Onu da qeyd edim ki, partiyadan ayrılmaq məsələsi gündəmdə deyil”.