Natiq Güləhmədoğlu
Deməli işlərimiz pis getmir. Bu cür ağır şərtlər altında olsa da, prinsiplərə sədaqəti ayaqda saxlaya bilmişik. Sonuncu mitinqdən hamısı pərt olub. Həm hökumətdəkilər, həm də hökumətin sındırıb, əyib özünə işlətdikləri narahat olublar.
12 oktyabr mitinqi sübut etdi ki, bu qədər şər-böhtandan, həbslərdən, qərargahsızlıqdan sonra da AXCP ayaqdadır. Ən ağır vəziyyətdə də xalqın əhəmiyyətli hissəsini səfərbər edə bilir. Üstəlik cəbhəçilər dayanmaq da istəmirlər, yeni mitinq tələb edirlər. Ona görə də bütün imkanlarını səfərbər ediblər ki, müxtəlif yollarla AXCP-nin başını qatsınlar. Künc-bucaqlarımızı gündüz vaxtı fanarla axtarırlar ki, 1-2 nəfər zəif iradəli adamın partiyadan istefa ərizəsini alsınlar. Partiya ilə əlaqələrini de-fakto çoxdan kəsmiş, partiyanın keçirdiyi tədbirlərdə, əldə etdiyi uğurlarda heç bir rolu olmayan 1-2 nəfərin istefasından təsəlli tapırlar.
Biz bilirdik ki, qara günləriniz üçün bir neçə nəfəri ehtiyatda saxlamısınız. Deməli, həmin qara günləriniz gəlib. Necə həyacanlanmısınızsa, sonuncu patronlarınızı da atırsız. Yeri gəlmişkən, AXCP-yə qarşı son kampaniyada vaxtilə müxalifətçi olmuş, amma bu yolu sona qədər getməyə hünəri çatmamış, düşərgəsini dəyişmiş “islaholunmuşlar”, Ramiz Mehdiyevin təlimatı ilə işləyənlər daha fəaldır. Onlar sanki acıqlıdılar: niyə AXCP də ağ bayraq qaldırmır ki, onlar da “hamı bizim günümüzdədir” deyib rahatlasınlar. Ölkədə qətiyyətli , prinspial siyasət aparanlar qaldıqca bu satılmışlara gün yoxdur. İstər istəməz insanlar onları həqiqi mübarizlərlə müqayisə edəcəklər.
Hökuməti də, onun müxalifət düşərgəsindəki artıq ifşa olunmuş 5-ci kalonunu da məyus etməli olacam. Sıralarımızı təmizləməklə özünüz də bilmədən bizə kömək edirsiz. Siz stəkanda fırtına yaratmaqla özünüzə təsəlli verin, biz də daha böyük şövqlə mitinqə hazırlaşaq.