Hakimiyyət isə şəxsi maraqlara görə ölkə iqtisadiyyatını məhv edir
Hakimiyyət bütün komandası ilə Rusiya cəbhəsinə keçib, Qərbə “atəş” açsa da, reallıq onu göstərir ki, ölkə iqtisadiyyatının əsas donorları Qərb ölkələridir. 2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına maliyyə qoyuluşu 3 mlrd 517,03 mln manat olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, investisiya həcminə görə Böyük Britaniya birincidir – 1 mlrd 131 mln 872,4 min manat. Ikinci yerdə Norveçdir – 640 mln 19,2 min manat. Türkiyə üçüncüdür – 309 mln 609,9 min manat. Ardınca ABŞ – 294 mln 483,5 min manat və 225 mln 593 min manatla Fransa gəlir.
Beynəlxalq təşkilatlar arasında Dünya Bankı liderdir – 102 mln 840,8 min manat. Asiya Inkişaf Bankı 51 mln 194,7 min manatla ikincidir.
Göründüyü kimi, Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu birmənalı şəkildə Qərbin üzərinə düşür və bu rəqəmlər yalnız bu ilin 9 ayını əhatə edir.
Belə bir reallıqla üzə-üzə olduğumuz halda, Azərbaycan hakimiyyəti hansı əsasla Qərblə düşmənçilik siyasəti aparır.
Bəli, bu siyahıda Qoşulmayanlar Hərəkatına qoşulan ölkələrin, Şimali Koreyanın, Rusiyanın, Belarusun və digərlərinin adı yoxdur. Yəni Azərbaycan iqtisadiyyatının ayaqda durması, məhz Qərb ölkələrinin payına düşür. Bu da sirr deyil ki, Azərbaycan neftinin 70 faizi Qərb ölkələrinə satılır.
Bir anlıq təsəvvür edək ki, adı çəkilən ölkələr Azərbaycana investisiya yatırmaqdan imtina edirlər. O zaman məlum olacaq ki, son 9 ay ərzində Azərbaycan iqtisadiyyatı ən azı 3 milyard manat itirib.
Daha dəqiq ifadə etsək, Azərbaycan hakimiyyəti oturduğu budağı kəsməklə məşğuldu. Ona görə yox ki, cəsarətlidi və yıxılmaqdan qorxur. Ona görə ki, demokratiya və insan haqlarına nifrət edir.
Bu rəqəmlərə nəzər salanda, hakimiyyətin Azərbaycanı hansı perspektivlərdən məhrum etdiyini görmək çətin deyil.
Ölkənin maraqları baxımından AB və Amerikanı Rusiyaya dəyişmək, sadəcə olaraq xəyanətdir.
Əslində, Azərbaycan hakimiyyətinin pul sevgisi sonsuzdur. Əgər bu qədər vəsaiti itirməyi gözə alıblarsa, deməli, daha artığını əldə edə biliblər. Yəni hakimiyyət düşünür ki, Qərbdən gələn pulların kəsilməsi dövlətə və millətə zərər vura bilər. Onların şəxsi büdcələrinə isə o qədər də böyük zərbə deyil.
Istənilən halda, Statistika Komitəsinin açıqlaması Qərbin Azərbaycan üçün önəmli partnyor olduğunu və ölkəyə daxil olan maliyyə vəsaitlərinin əksəriyyətinin bu ölkələrin payına düşdüyünü təsdiqlədi.
Bu həm də onu göstərir ki, bugünə qədər Qərbdən maliyyələşən müxalifət deyil, YAP hakimiyyəti olub.
Akif