Yaxud ildırımsürətli deputat komandası
Azərbaycanda avtoritar bir idaretmə mövcud olduğu üçün bütün sahələrdə “möcüzə”vi proseslərin şahidi olmaq mümkündür. Təhsil, səhiyyə, məhkəmə və digər sahələrdə aparılan “islahat”larda da bu “möcüzə”lərə rast gəlmək olar.
Ancaq “rekord möcüzə” Milli Məclisin aktivinə yazılmalıdır. Ona görə yox ki, mandat alveri ilə bağlı faktlar meydana çıxdı. Ona görə yox ki, səsvermə zamanı bir nəfər başqalarının da yerinə səs verə bilir. Təbii ki, bu faktlarla da Ginnesin “Rekordlar” kitabını narahat etmək olar.
Ancaq Milli Məclisi birmənalı “irəli”yə çıxaran hadisə sessiyalarda gündəliyə salınan məsələlərin sayıdır. Təsəvvür edin ki, “ildırım sürətli” deputatlarımız bir neçə saatın ərzində 20-30 məsələni müzakirə edib, qərar verə bilirlər.
Məsələn, oktyabrın 17-də keçirilən iclasda gündəliyə 30 məsələnin müzakirəsi salınıb, mayın 30-da keçirilən sessiyada 18 məsələ müzakirəyə çıxarılıb, aprelin 4-də keçirilən sessiyada 17 məsələ müzakirəyə çıxarılıb və qərar qəbul edilib. Sentyabrın 30-da Milli Məclis “gücləndirilmiş iş rejimi”nə keçərək, 37 qanun layihəsini qəbul edib. Həmin vaxt deputat Zahid Oruc da bu “çevik”liyə etiraz edərək baş verənləri “dünya rekord”u adlandırmışdı.
Milli Məclisin növbəti iclası isə oktyabrın 28-də keçiriləcək və günədliyə 21 məsələ daxil edilib.
Yavaş-yavaş etiraf etməyə məcbur oluruq ki, həqiqətən də hökumətimiz “analoqsuz”dur.
Normalda 3-4 saat ərzində 25-30 məsələnin müzakirəsinə nail olmaq mümkün deyil. Bunun üçün ilahi bir qüvvəyə sahib olmaq gərəkdir. Yəni deputatlarımız “seçilmiş”lərdən olmalıdır. Bizim deputatlarımızı isə, nəinki Allah, heç bəndələr də seçməyib. Belə olan halda, 125 vəkil hansı qüvvənin təsirindən “3-cü kosmik sürət”ə nail ola bilir?
Görünür, Prezident Aparatının “fövqəladə zəhm”i deputalarımızı fövqəladə şəraitdə işləməyə məcbur edir.
Məhz, bu 3-4 saatlıq müzakirələrin nəticəsidir ki, dövlətimiz varlandqıca, əhali müflisləşir. Ölkənin taleyüklü məsələlərinin 1-2 saat ərzində qəbul olunmasının nəticəsidir ki, xalqın sabahkı taleyi qeyri-müəyyəndir.
Bəlkə də buna təəccüblənmək lazım deyil. Siqaret çəkməyən adam nəşə çəkməkdə ittiham edilə bilirsə, ziyalını “vətən xaini”nə çevirmək olursa, tikilmiş cibdən tank əleyhinə qumbara çıxırsa, Milli Məclisin 1 iclasında 100 qanun layihəsi də qəbul etmək olar. Görünür, hökumətimiz sürətli inkişafdan danışarkən bu məqamları nəzərdə tuturmuş.
Nə hikmətdirsə, təhsil kreditləri, rəqabət məcəlləsi, tibbi sığorta, diffamasiya, gəlir deklorasiyası və s. bu kimi qanun layihələri on illərlə müzakirə olunub qurtara bilmir. Ancaq hökumətimizin xoşuna gələn qanunlar “radar”a düşmədən maksimum sürət ala bilir.
Ey, Məclisi Milli, bəlkə biraz yavaşlayasınız…
İlham