Məhəmməd Talıblı: «Rusiya həm siyasi, həm də iqtisadi baxımdan sabit müttəfiq deyil»
Oktyabrın 20-də dövlət başçısı Ilham Əliyev Rusiyanın “Rosneft” Dövlət Neft Şirkətinin prezidenti Iqor Seçini qəbul edib. Dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, ”Rosneft” və Azərbaycan Dövlət Neft Şirkəti arasında birgə layihələrin reallaşması müzakirə olunub.
Tərəflər iki ölkənin birgə layihələrinin Azərbaycan və Rusiyanın hüdudlarından kənarda reallaşması məsələsini də nəzərdən keçiriblər.
Bunların hansı layihələr olduğu açıqlanmır. Lakin qeyri-rəsmi mənbələrə görə, söhbət SOCAR-ın Türkiyə və digər ölkələrdəki layihələrində “Rosneft”in iştirakından gedir.
Bu cür əməkdaşlıq Azərbaycan üçün müəyyən problemlər yarada bilər, çünki AB və ABŞ “Rosneft”ə qarşı sanksiya tətbiq ediblər. Belə olan halda Azərbaycanın da Rusiyaya qarşı olan qınağı bölüşdürəcəyi ehtimalı var. Digər tərəfdən, Rusiyanın neft şirkətinin SOCAR-ın layihələrinə müdaxilə etməsi də bir qədər qəribə görünür. “Rosneft”in SOCAR-ın bir sıra xarici ölkələrdəki layihələrinə qatılmaq niyyəti suallar doğurmamış deyil.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, son aylar Rusiyanın rəsmi dairələri ilə Azərbaycan arasında sıx birlik və iqtisadi inteqrasiya istiqamətdə işlər gedir. M.Talıblının sözlərinə görə, bu yaxınlaşma sırasında əvvəlcə Azərbaycanın investorlarının Rusiyada güzəştli şərtlərlə çalışması üçün Biznes Forumu keçirilməsini göstərmək olar. Bundan başqa, Avropadan gələn embarqodan sonra Azərbaycanın kənd təsərrüfatı məhsullarına Rusiyada olan idxal maneələrinin aradan qaldırılması da təsadüfi deyil: “Indi enerji əməkdaşlığının intensivləşdirilməsi istiqamətində əməkdaşlıq təklifləri gündəmə gəlir. Bir sözlə, Rusiyaya qarşı ABŞ və Avropa Birliyinin sanksiyalarından sonra ümid yeri kimi Azərbaycan seçilib. Rusiya ilə bütün dövrlərdə orta səviyyəli, o sıradan idxal-ixrac əməliyyatlarının aparılmasının tərəfdarıyam. Amma indiki halda strateji müttəfiqlərimizin Rusiyaya qarşı birləşməsində Rusiyanı xilas etmək cəhdləri və yeni əməkdaşlığın artırılmasını anlaya bilmirəm. Onsuz da Rusiya həm siyasi, həm də iqtisadi baxımdan sabit müttəfiq deyil. Bunu Rusiya dəfələrlə özü sübut edib”.
M.Talıblının sözlərinə görə, SOCAR-ın indiki halda əməkdaşlıq formatına sadiq qalması və bunun yüksələn xətt üzrə davam etməsi rəsmi Bakının enerji vektorunda nisbi korrektələr etməsi ilə bağlıdır. Amma bu siyasət Qərbdə yaxşı qarşılanmayacaq. “Rusiyanı dalandan çıxarmaq üçün ”quşun dimdiyindəki su” effekti onsuz da nəyisə dəyişməyəcək. Amma bu, Azərbaycanın sivil dünyanın əleyhinə davranışı kimi yaddaşlarda qala bilər. Bu isə arzu olunan deyil”, deyə M.Talıblı vurğuladı.
SOCAR-ın “Rosneft”lə Türkiyədəki layihələrə qoşulması məqamına gəlincə, M.Talıblı bildirdi ki, bu, sonradan müzkirələrə daxil olan istiqamətdir. Çünki, əvvəlki müzakirələrdə bu birlik nəzərdə tutulmurdu: “Əslində burada söhbət SOCAR-la ”Rosneft”in hansısa birgə layihələrdə iştirakına şərait yaratmaqdan gedir. Bu zaman isə Avropa Rusiyanın Türkiyədə enerji siyasətinə müdaxiləsini narahatlıqla qarşılayacaq. Çünki, Avropa enerji strategiyasının effektiv qurulması məqsədilə Rusiyadan xüsusilə qaz asılılığını azaltmağa çalışdığı bir məqamda Rusiyanın Türkiyə kimi bir ölkədə enerji layihələrində yer alması ürəkaçan olmayacaq”.
Xəyal