“Arif Hacılının dəstəsi Müsavatdan gedəcəkləri ehtimal olunan şəxslərin siyahısını hazırlayıb və olanları tezliklə partiyadan xaric edəcəklər”
Müsavatda daxili qarşıdurma bütün çiddəti ilə davam edir. Partiya başqanlığına keçmiş namizəd, qurultayın nəticələrini qəbul etməyənlərdən biri Səxavət Əlisoy facebook səhifəsində yazıb ki, Arif Hacılının komandası istefa verə biləcək müsavatçıların siyahısını hazırlayaraq, onları partiyadan çıxarmağa hazırlaşırlar:
“Bir müsavatçı zəng edib dedi ki, Arif Hacılının dəstəsi Müsavatdan gedəcəkləri ehtimal olunan şəxslərin siyahısını hazırlayıb və o siyahıda olanların istefalarını önləyərək, tezliklə partiyadan xaric edəcəklər. Səbəb də o olacaq ki, bu şəxslər Müsavatın nizamnaməsinə zidd çıxışlar edir, təftişçiliklə məşğuldurlar, partiyanı nüfuzdan salırlar və sair və ilaxır.
Onu da dedi ki, Əlövsət Talışxanlının, İbrahim İbrahimlinin, Vurğun Əyyubun, Rövşən Dəmirlinin, Rövşən və Məhəbbət qardaşlarının, Əli Rzayevin, Kamil Xəlilbəylinin, İsmayıl Kəsəmənlinin, Rüfət Əliyevin və təbii ki, mənim adım bu siyahıda var”.
Səxavət Əlisoy hazırda Arif Hacılını müdafiə edənlərdən biri, vəkil Osman Kazımovun Müsavatı narazılardan təmizləmək lazımdır kimi fikrinə də münasibət bildirib: “Bəylər, hüquqşünas Osman Kazımov tamamən düzgün buyurur. Kim ki, Hacılının legitimliyinə şübhə edir, “təmizləmə” əməliyyatına məruz qalmalıdır. Saxtakarlıqla barışmayanları, Hacılını maliyyə fırıldaqlarında ittiham edənləri, rayon təşkilatlarındakı acınacaqlı duruma rəğmən Hacılını günahkar bilənləri, bir sözlə ona sizlər kimi biət etməyənləri partiyadan kənarlaşdırmaq gərəkdir. Partiyanı istədiyiniz kimi “fırlatmaq” istəyirsinizsə, bu əməliyyatı tezləşdirin”.