Cəlilabad rayonunda mal-qara kütləvi şəkildə qırılmağa başlayıb. Heyvanların nədən tələf olduğu bilinmir. Rayonun Alar kəndinin sakinləri islamazeri.az saytına bildirib ki, artıq bir həftəyə yaxındır mal-heyvanlara xəstəlik düşüb, mal-qara kütləvi şəkildə tələf olur.
“Bu, nə xəstəlikdir – bilmirik, amma bir günün içində xəstələnən heyvan ikinci günə qalmır, tələf olur. Baytarlar da gəıtirmişik, onlar da bu xəstəliyin qarşısında acız qalıblar. Deyilənə görə, bu xəstəlik yabanı bitən qanqal otlarından keçib” – deyə Alar sakinləri bildirib.
Alar kənd sakinlərindən biri olan tanınmış şair Bilal Alarlı isə öz facebook səhifəsində mal-heyvanın tələf olmasından yazaraq bəzi qurumların buna biganə qaldığını da qeyd edib.
O, bildirib ki, neçə gündür bir kəndli üçün fauna faciəsinin baş verdiyini heç bir KİV işıqlandırmaq istəmir: “İki gündür ki, Cəlilabadın Alar kəndində fauna faciəsi yaşanır: 60-dan çox inək başını yerə qoyub çabalaya-çabalaya ölüb. Rayon Baytarlıq İdarəsinin bütün kollektivi inəklərin başı üzərində əsir-yesirdir. Deyilənə görə, naxır dana-buzovlu zəhərlənib. Harada zəhərlənib, nə ilə zəhərlənib – baytarlar indi bunu araşdırmaqla məşğuldur. Kasıblar hər səhər balalarına verdikləri bir içimlik süddən oldular. Ən qəribəsi də odur ki, bu iki gündə inəklərin kütləvi zəhərlənməsi haqqında informasiya heç bir mətbuat orqanı tərəfindən işıqlandırılmayıb”.