Partiyadan gedən keçmiş müşavir əslində necə uzaqlaşmışdı və onun istefasında qurbağa ətinin nə kimi rolu var?
AXCP sədrinin müşaviri olmuş Şakir Abbasov partiya sıralarını tərk edib. Dərhal da AXCP-yə qarşı kampaniya üçün fürsət axtaran hakimiyyət mediasının sevimlisinə çevrilib. Xüsusilə Milli Şuranın uğurla keçən 12 oktyabr mitinqindən sonra belə bir mövzu hakimiyyət üçün göydəndüşmədir. Amma mövzunun göydən düşmədiyi, gündəmi dəyişmək üçün planlı şəkildə hazırlandığını da demək olar. Hər halda AXCP-dən verilən açıqlama Şakir Abbasovun partiya ilə bağları çoxdan qırdığını və belə bir addım atacağının gözlənilən olduğunu göstərir.
“Çox təəssüf ki, Şakir Abbasov partiyamıza qarşı qara yaxmaqda maraqlı olanların əlində vasitəyə çevrildi. Əslində onun nə zamansa belə bir addım atacağı gözlənilirdi. Partiyada ona çoxdan inanılmırdı. Özü də bilir, uzun illərdir ki, partiya tədbirlərinə çağrılmırdı. Etimadsızlıq o həddə idi ki, nəinki qurultay nümayəndəsi, heç üzvü olduğu Xəzər rayon təşkilatında konfransa belə nümayəndə seçilməmişdi. Konfrans bazar günü keçirilib. Şakir bəy də konfransdan sonra istefasını verib. Rayon konfransından sonra əmin olub ki, ona nəinki partiya mərkəzində, heç rayon səviyyəsində də inanmırlar” – deyə AXCP təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirli məsələyə özünün facebook səhifəsində aydınlıq gətirib.
İndi hakimiyyət medaisı Şakir Abbasovun dilindən “AXCP-yə qarşı şok ittihamlar” tirajlamağa girişib. Amma ölkənin ictimai-siyasi mənzərəsindən azacıq xəbərdar olan istənilən şəxs üçün bu “ittihamlar” yalnız dodaqqaçdı ola bilər. Zatən, Şakir Abbasov istefasının səbəbini həm də çox gülməli bir “arqumentlə” bəzəyib. İddia edib ki, “Azadlıq” qəzetinin hazırda mühacirətdə yaşayan baş redaktoru Qənimət Zahid “qurbağa əti yeyib”, ona hansısa tapşırıqlar verir.
Qənimət Zahid onun bu “istefa səbəbini” istehza ilə belə cavablandırıb: “Başqa arqumentsizliklərini bir kənara qoyub, təkcə mənimlə bağlı iddiasını nəzərə alsaq, deyə bilərik ki, adam partiyadan sadəcə, qafası qarşıdığı üçün istefa verib. O, adımı çəkməsə də, mənə işarə vuraraq deyir ki, guya Fransada oturub qurbağa əti yeyirəm və ona əmrlər yollayıram. Adam elə bilir ki, Fransada qurbağa ətindən başqa ət yoxdur. Nəyə görəsə, ona elə gəlir ki, əmr vermək üçün hökmən qurbağa əti yemək lazımdır. Hərçənd Şakir Abbasov mənim heç facebook dostluğumda da olmayıb ki, ona hansısa ismarışlar yollayım”.