Mətbuat Şurası «icra başçısı alveri»nin ört-basdır edilməsində niyə maraqlıdır?
Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə dünən keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.
Vəkil Iradə Cavadovanın virtualaz.org saytına verdiyi xəbərə görə, buna səbəb təqsirləndirilən şəxslərdən birinin vəkili Adəm Məmmədovun prosesdə iştirak etməməsi olub. Məhkəmə prosesi oktyabrın 27-dək təxirə salınıb.
Xatırladaq ki, istintaq materiallarına görə, Həsən Əliyev Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu işin müqabilində Ramazan Səlimovdan 1 milyon dollar (800 min manat) istənilib.
Iş materiallarından belə aydın olur ki, pulun böyük hissəsi əvvəlcədən verilib.
Həsən Əliyev Ramazan Səlimovdan 2011 və 2012-ci illərdə hər dəfə 300 min olmaqla iki dəfəyə ümumilikdə 600 min manat pul alıb. Bildirilib ki, qalan 200 min manat da sərəncam imzalanandan sonra verilməlidir. Ramazan Səlimov xeyli müddət gözləyib və nəhayət, ötən ilin martında Nərimanov Rayon Polis Idarəsi 16-cı polis bölməsinə şikayət edib.
Həmin şikayətdən sonra Həsən Əliyev 600 min manatın 250 min manatını ona qaytarıb.
Iş materialları arasında Həsən Əliyevə hər dəfə 300 min manat olmaqla iki dəfə pul verildiyini sübut edən faktlar var. Bunların birində hakim özü Ramazan Səlimovdan 300 min manat aldığını yazıb. Digər sənəd isə notarial qaydada təsdiqlənmiş borc müqaviləsidir. Orada Ramazan Səlimovun Həsən Əliyevə 300 min manat borc verdiyi göstərilib.
Bu arada Mətbuat Şurası “Azadlıq” və digər qəzetlərə bu qalmaqallı hadisə ilə bağlı materiallara yer verdiyinə görə xəbərdarlıq edib. Mətbuat Şurası bu qərarı Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Kəramət Əliyevin imzası ilə quruma daxil olan müraciət əsasında verib. Həmin müraciətdə Kəramət Əliyev iddia edir ki, qəzetlərdə gedən bu materiallar istintaq sirridir və onların tirajlanması yolverilməzdi. Guya bu materiallar məhkəmənin işinə təsir göstərə bilər.
Mətbuatı qorumalı olan Mətbuat Şurası isə Kəramət Əliyevin mövqeyini müdafiə edib, “Azadlıq” və digər qəzetləri suçlu çıxarıb. Bununla da Mətbuat Şurası faktiki olaraq “Gülər Əhmədova olayı”ndan da dəhşətli hadisə olan bu məsələnin ört-basdır edilməsində maraqlı olduğunu nümayiş etdirib.
Əvvəla, mətbuat istintaq sirrini qorumağa borclu deyil. Bununla bağlı KIV-lərin hər hansı öhdəliyi yoxdur. Istintaq sirrinin yayılmasının məsuliyyəti istintaq orqanının üzərindədir. Digər tərəfdən bu işlə bağlı istintaq artıq başa çatıb. Iş məhkəməyə göndərilib. Məhkəmə isə qapalı deyil. Bu halda hansı istintaq sirrindən söhbət gedə bilər?
Ikincisi, bəs Mətbuat Şurası nədən həbs olunan QHT rəhbərləri, jurnalistlər, siyasilər barədə hökumət mediasının, hüquq-mühafizə orqanlarının açıqlamalarını “istintaq sirri” hesab etmir? Nədən hökumət mediası məhkəmə hökmü olmadan onları cinayətkar adlandıranda Mətbuat Şurası susur? Bu yazıların məhkəməyə təsir göstərə biləcəyi qənaətinə gəlinmir?
Əslində hakimiyyəti narahat edən bu işdə xeyli məmurun adının keçməsidir. Güman ki, elə bu baxımdan məhkəməyə və Mətbuat Şurasına mətbuatı susdurmaq göstərişi verilib. “Azadlıq” olaraq bəyan edirik ki, bu materialları yaymaqla heç bir qanun pozuntusuna yol verməmişik, yazılarda balansı gözləmişik (Həsən Əliyevin də açıqlamaları qəzetimizdə dərc olunub) və bundan sonra bu qalmaqalla bağlı redaksiyamıza daxil olan məlumatları ictimaiyyətin diqqətinə çatdırmaqda davam edəcəyik.
Azad