62 rayon və şəhərdə təhsil şöbələrini saxlamağa çox vəsait tələb olunar, yoxsa 15 regional idarəni?
«Demək ki, bir millətin hər halını tədqiq etmək için ən doğru meyar, ən kəsdirmə yol o millətin məktəbləridir»
Hüseyn Cavid
Etibar Əliyev
Təbiidir ki, Azərbaycan cəmiyyətini təhsilin pillələri içərisində ən çox orta təhsil maraqlandırır. Insanlar haqlıdır. Çünki uşaqların əqli, intellektual və fiziki inkişafına məhz orta təhsil cavabdehlik daşıyır. Dünya ölkələrinin təhsil sistemləri ilə tanışlıqda da görürük ki, əsas diqqət orta təhsilə ayrılır və islahatların böyük qismi bu istiqamətdə aparılır.
Dahi Hüseyn Cavid bunu gözəl ifadə etmişdir: “Demək ki, bir millətin hər halını tədqiq etmək için ən doğru meyar, ən kəsdirmə yol o millətin məktəbləridir”. Bəli, bizim hər halımızı tədqiq etmək üçün ən doğru meyar məktəblərimizdir. 1999-cu ildən başlayaraq Azərbaycan təhsil sistemində qəbul olunmuş 14 islahat proqramı konkret olaraq məktəbə nəsə verdimi? Indiki nəticələri təhlil etdikdə görürük ki, əksinə, orta təhsildə geriləmələr mövcuddur. Bir sözlə, vəsait artıqca keyfiyyət aşağı düşüb. Orta təhsil sahəsində islahatlara xərclənən 100 milyonlarla manat vəsaitin inkişaf işartısı görsənmir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilmişdir. Bu strategiya Misir Mərdanovun vaxtında qəbul olunmuş 14 islahat proqramı və layihədən daha işlək və faydalı görsənir. Strategiyada islahatların aparılacağı 5 əsas fəaliyyət istiqamətlərindən biri idarəetmədir. “Təhsil islahatlarını sistemli şəkildə aparmaq və təhsilin inkişafına daha yüksək töhfələr vermək üçün təhsilin idarəetmə sistemi yenidən qurulmalıdır”. Bunu müsahibələrinin birində nazir müavini Ceyhun Bayramov deyib.
Konkret olaraq orta təhsildə idarəetmənin təkmilləşdirilməsinin önəmli əhəmiyyəti var. Son dövrün müşahidələri göstərir ki, idarəetmədə ciddi dəyişikliyə nail olmadan ciddi keyfiyyət dəyişikliyi əldə etmək mümkün deyil. Bu ilk növbədə nədən ibarət olmalıdır? Konkret olaraq məktəblər aidiyyəti üzrə tam şəkildə ölkədə təhsil siyasətini həyata keçirən quruma – Təhsil Nazirliyinin tabeçiliyinə verilməli və bundan sonra məktəbdaxili idarəetmənin təkmilləşdirilməsinə başlanmalıdır. Bəlkə də elə bu məqsədlə ölkə başçısı 24 iyul 2014-cü il tarixdə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi” haqqında Sərəncam imzaladı.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən təhsilin nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, maliyyə və inzibati resurslarının vahid təhsil siyasətinə uyğun planlaşdırılması və təhsil idarəçiliyinin qarşıda duran vəzifələrə adekvat qurulması ölkənin təhsil sahəsinin qabaqcıl dünya standartları səviyyəsinədək təkmilləşdirilməsi prosesində başlıca vəzifələrdəndir.
Həmin sərəncamın 5-ci bəndində yazılır: “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təhsil sahəsinin 2015-ci il yanvarın 1-dən mərkəzləşdirilmiş maliyyələşməyə keçməsini təmin etsin. Ölkə başçısının bu sərəncamı orta təhsildə idarəetmənin yaxşılaşdırılması istiqamətində atılan ciddi addım hesab olunur”.
Bu sərəncamla Təhsil Nazirliyinin 15 Regional idarəsi yaradılmışdır.
Orta təhsildə yol verilən nöqsanların əsas səbəblərindən biri Icra hakimiyyətlərinin məktəbin işinə müdaxiləsi olub. Bu qurumların təhsilin keyfiyyətinin yaxşılaşdırılması, nizam-intizamın qorunması ilə bağlı konkret strukturu və mütəxəssisləri olmadığı üçün onlar məktəbin işinə niyə müdaxilə etməlidirlər? Məktəb direktorları Təhsil Nazirliyinin müəyyən etdiyi qaydalar əsasında təyin olunacaqlarsa, onda Icra hakimiyyətlərinin təqdimatı, yaxud razılığına nə eytiyac olacaq?
Prezidentin sərəncamının icrasını gözlədiyimiz vaxtda təhsil nazir Mikayıl Cabbarov belə bir açıqlama verdi: “Milli Məclisə təqdim olunan gələn ilin dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulmadığı üçün 2015-ci ilin yanvarın 1-dən nəzərdə tutulan regional təhsil idarələrinin yaradılması prosesi təxirə salınıb: ”Növbəti ildə də bu il tətbiq edilən sistem şəklində çalışılacaq. Bakı Şəhəri üzrə Təhsil Idarəsində struktur islahatlar davam etdiriləcək. Yerlərdə olan Təhsil şöbələrinin tabeliyində olan məktəblərdə Təhsil Nazirliyinin səlahiyyətində olan bütün fəaliyyətlər indi də həyata keçirdiyimiz şəkildə davam etdiriləcək”.
Indi diqqət edin: ölkə başçısının imzaladığı Sərancamın icrası üçün maliyyə vəsaiti tapılmadı. Əslində nədən belə bir addımın atılmasını rəsmilərdən heç kim izah etmək istəmir. Əgər bu ilin büdcəsində təhsilə ayrılan vəsait artıbsa, onda regional mərkəzlərin yaradılmasına niyə pul çatmayıb? Paradoksa diqqət edin: 62 rayon və şəhərdə təhsil şöbələrini saxlamağa çox vəsait tələb olunar, yoxsa 15 regional idarəni? Ölkə başçısının imzaladığı sərəncam 2 mühüm məsələni həll etməli idi: birincisi, məktəblərin Təhsil Nazirliyinə tabeçiliyini, ikincisi maliyyəyə qənaət olunmasını.
Təhsil naziri Mikayıl Cabbarov qeyd edir ki, Bakı Şəhəri üzrə Təhsil Idarəsində struktur islahatları davam etdiriləcək. Belə çıxır ki, regionlardakı məktəblərdə islahat aparmaq yalnız imzalanmış sərancamın icrasından sonra baş tutacaq. Bu isə bütün təhsil ictimaiyyətinin, qeyri-hökumət təşkilatlarının həvəslə icrasına qoşulduğu “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi işində müəyyən ətalət yaradacaq. Görəsən ölkəmizdə nə vaxta qədər ağıllı islahatlara və müəllimi normal əməkhaqqı ilə təmin etməyə pul tapılmayacaq?
Yazını latın dilində bir sitatla bitirmək istəyirəm. Disciplina praesidium civitati. Yəni “təhsil dövlətin dayağıdır”. Məncə, təhsilin dövlətin dayağına çevrilməsi üçün şəhər və kənd məktəbləri həmahəng çalışmalı və bunun sayəsində funksional savadsızlığın aradan qaldırılmasına nail olunmalıdır.