Taner Yıldızın «Azərbaycanda da çevriliş ola bilərdi» ifadəsi nəyə mesajdır?
Türkiyə enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın Azərbaycandakı «Nurçu» təhlükəsi ilə bağlı açıqlamasının birmənalı qarşılanmadığı barədə məlumat vermişdik. Ekspertlərin fikrincə, T.Yıldızın söylədikləri təsadüf deyil və Bakı ünvanlanan bir mesajdır. Belə hesab olunur ki, T.Yıldız açıqlaması ilə ona işarə vurub ki, Azərbaycan hakimiyyəti «Nurçu» olaylarından sonra təşkilatın ölkəmizdəki özəyi ilə bağlı yetərincə tədbir görməyib.
Xatırladaq ki, keçən ilin sonlarında Bakıda planlaşdırılan nurçu dövlət çevrilişindən danışan T.Yıldız müsahibəsində Türkiyədə “paralel quruluş” adlanan qruplaşma tərəfindən 2013-cü il dekbarın 17-də rüşvət əleyhinə başlamış əməliyyatı xatırladıb: «Onda xüsusi əməliyyat qrupu 4 nazir oğlunu, həmçinin iranlı iş adamı Rza Zərrabı həbs eləmişdi. Həmçinin, baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan şübhəli kimi istintaqa cəlb edilmişdi».
Həmin günlər telefonu ən çox dinlənən nazir olduğunu xatırlayan Taner Yıldız sonra deyib ki, əgər Ankaradakı 17 dekabar əməliyyatları uğur qazansaydı, Bakı da onların əlinə keçərdi. «Bakıdakı əməliyyatlar əmrsiz qaldı. Bu zəncirin halqası tamamlanmadığı üçün Bakıdakılar əmrsiz qaldı”,- deyə Yıldız vurğulayıb.
Onu da qeyd edək ki, T.Yıldızın açıqlaması «Nurçuların» hazırladığı əməliyyat nəticəsində həbs olunan məmur övladlarının işlərinə xitam verildiyi ərəfəyə təsadüf edir.
Fuad Qəhrəmanlı: «Türkiyəli nazirin hakimiyyətdəki mühüm postların ələ keçirilməsi kontekstində qəbul olunmalıdır»
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, T.Yıldızın bu fikirləri səsləndirərkən hansı məlumatlara istinad etdiyi məlum deyil. Amma T.Yıldız yüksək statuslu şəxs, Ərdoğana yaxın kadrlardan hesab olunduğu üçün demək olar ki, onun bu fikirləri müəyyən məlumatlara əsaslanır. F.Qəhrəmanlının fikrincə, Ərdoğanla Gülən arasında münasibətlərin kifayət qədər gərgin olduğu bir məqamda Ankara «Nurçu»ların Azərbaycandakı potensialları barədə maksimum məlumatlara sahibdir: «Görünür, bu məlumatlar Azərbaycanda bu şəbəkənin mümhüm postlara sahib olduğu barədə fikir söyləməyə əsas verir. Ancaq burada bir reallıq da var ki, hazırkı avtoritar rejimdə həmin «Nurçu» şəbəkənin fəaliyyəti yalnız daha geniş təsir imkanı qazanmaq və hazırkı hakimiyyətin siyasətində daha fəal rol almaqla nəticələnə bilərdi. «Nurçu»ların Azərbaycandakı fəaliyyətini çevriliş formasında qəbul etmək yanlış olardı. Çünki Azərbaycan hakimiyyətinin strukturu, iqtidardaxili əlaqələr elədir ki, sərt avtoritarizm şəraitində, seçki institutu olmamasından «Nurçuların» uğuru deyəndə söhbət yalnız İlham Əliyevin ətrafında, onun komandasında üstünlük qazanmaqdan gedə bilərdi. Yəni bunu belə təsəvvür etmək olar ki, «Nurçu» şəbəkə hakimiyyətdəki mühüm postları ələ keçirə bilər».
F.Qəhrəmanlının sözlərinə görə, T.Yıldızın söylədikləri ona işarədir ki, əgər Türkiyədə Ərdoğan hakimiyyəti «Nurçu»lar tərəfindən devrilərdisə, o zaman Ankaranın da imkanlarından istifadə olunaraq Azərbaycanda da həmin şəbəkənin daha üstün mövqelər əldə etməsinə, hakimiyyətdaxili nəzarəti ələ götürməsinə yol aça bilərdi: «Yəni «Azərbaycanda da çevriliş ola bilərdi» ifadəsi daha çox hakimiyyətdəki mühüm postların ələ keçirilməsi kontekstində qəbul olunmalıdır», deyə F.Qəhrəmanlı vurğuladı.
Bu bəyanatın eyni zamanda Azərbaycandakı «Nurçu»lar barəsində yeni tədbirlərin görülməli olmasına bir işarə ola biləcəyinə gəlincə isə, F.Qəhrəmanlı vurğuladı ki, Ərdoğan dəfələrlə bəyan edib ki, Gülənin Türkiyədən kənarda da bağlantılarının zəiflədilməsi istiqamətində səylər davam edəcək. Ona görə Türkiyə hökumətinin bununla bağlı Azərbaycandan tələbləri aydındır: «Görünür, Azərbaycanla Türkiyə hökuməti arasında belə bir razılaşma mövcuddur ki, «Nurçu» şəbəkənin bundan sonra dövlət vəzifələrində, biznes şəbəkələrində yeni imkanlar qazanmasının qarşısı alınsın. Azərbaycan hakimiyyəti isə bunda bir o qədər də həvəsli deyil. Çünki hakimiyyət öz xeyri üçün həmin şəbəkənin Amerikadakı, Qərbdəki imkanlarından da lobbi fəaliyyətində yararlanır. Gülən ilə münasibətlərin saxlanması hazırkı Azərbaycan hakimiyyətinin maraqlarına da uyğundur. Bunun bir nümunəsi kimi Elnur Aslanovun Prezident Administrasiyasında vəzifədən azad olunduqdan sonra, Rabitə Nazirliyində başqa bir vəzifə ilə təmin olunması da göstərir. Deməli Azərbaycan hökuməti Türkiyəni qıcıqlandırmamaq üçün Ərdoğanın «qara siyahıya» saldığı insanları mühüm postlara təyin etməməlidir. Amma eyni zamanda həmin şəbəkənin mövcud status-kvosuna qarşı təqib, təzyiq siyasəti aparılmayacaq».
Xəyal