Baş əydirmək əsasən krallıq və ya “hakimi-mütləq” üsul-idarəsinə məxsus hökmdür. Bilirsiniz, həmin hökm hər kəs üçün məcburi sayılır. Bu idarəçiliyin bərqərar olduğu məmləkətdə ona əməl etməkdən başqa çarə yox. Yanılmıramsa, bizdə hələ o qaydalar qanuni şəkildə rəsmiləşdirilməyib. O zaman insanları bu yazılmamış hökmə zorlamaq, onu bir ritual kimi icra etməyə sürükləmək nə mənaya gəlir ki? Sevilməməyin və ya nifrətin yaratdığı əndişədən doğan kompleksdir yoxsa bu? Yoxsa bir qisasçılıq, mənəmlik, sındırmaq, başqalarına göz dağı vermək hikkəsi? Bəli, səni etmədiyin günaha görə “bağışlayıb” baş əymək müqabilində “azadlığa buraxırlar”. Hələ bu mərasim lentə alınıb geniş kütlələr üçün yayımlanır da. Nə qədər primitiv düşüncə sahibi olasan ki, belə köntöy və cılız üsulların bir şeyə yaramadığını anlamayasan…
Azadlıq mübarizəsi aparan xalqların tarixi haqqında çox şeylər oxumuşam. Amma təbrizli yazarımız Səməd Behrənginin bir hekayəsi var ki, onun təsiri illərdir yaddaşımın divarında eləcə yazılı olaraq alır.
“Balaca qara balıq” hekayəsini deyirəm. Bəlkə dəfələrlə xatırlatmışam bu kiçik və misilsiz dərəcədə gözəl əsərin adını. Doğrudan da, hər zaman yaşadığı kiçik çayların dar arealından çıxıb geniş sulara üzmək və dənizlərə qovuşmaq inadkarlığı olan balaca balıqlar tapılır. Bütün təhlükələr, böyük balıqlara yem olmaq qorxusu belə gücsüz qalır bu istəyin yanında. Sonunda ucsuz-bucaqsız, mavi suları sonsuzluqlara uzanıb gedən dəniz var axı! Etdiyin fədakarlıqlara və verdiyin itkilərə dəyəcək! Mütləq dəyəcək! Yüz illərdən bəri azadlıq savaşı verən xalqını simvollaşdırmışdı Behrəngi bu kiçik əsərdə. Özü gənc yaşında bu davanın qurbanı olsa da, o üsyan dalğasının heç zaman sakitləşməyəcəyini bilirdi…
Behrəngi o qədər haqlıdır ki! Cənubi Azərbaycandakı soydaşlarımızın verdikləri mücadilə uzun illərdən bəri bir gün səngiməyib belə. Sosial şəbəkələr vaxtaşırı dar ağacında ölüm hökmünə belə gülümsəyən fədakar soydaşlarımızın fotolarını yayır. Onlar bu yola düşünərək, oda girdiklərini anlayaraq və ölümün gözünə dik baxaraq girmiş insanlardır. Onlar apardıqları mübarizənin hesabını canları ilə ödəyə biləcəklərini dərk etmiş cəsur fədailərdir əslində. Hər gözəl şeyin və hər böyük dəyərin bir hesabı vardır, şübhəsiz. Həbsxanalar bunun ən yüngül cəza yoludur hələ. O da azadlıq və fəaliyyət çərçivələrini daraldıb insanı susdurmaq üsuludur hər halda…
Indi məlum bayram fərmanından günlər keçir. Amma həmin şou ətrafında fərqli fikirlərə meydan açan diskussiyalar bitmək bilmir. Komikdirmi, tragikdirmi? Adam çaşıb qalır. Bilmirəm, bu, insan haqları hesabatlarında kəskin ittihamları yumşaltmağa yönəlmiş imitasiyadır, yoxsa xalqa qol gücü göstərmək? Bəlkə “əzilmədən əfv olunmaq zor” mesajı, bəlkə Azərbaycanın siyasi məhbuslarına verilən beynəlxalq mükafatlara cavab? Ancaq bu qisasçılıq və gözdağı “böyüklüyü” nəyi dəyişir ki? Dünyada haqqını istəyərkən dar ağaclarına gülərək gedən yüzlərlə insan varsa, iki gənci məzar qarşısında zor-güc baş əydirməklə nəyə nail olacaqsınız? Bu davaya, bu mübarizəyə, bu yola can qoyanların sayı heç bir halda azalmayacaq. Sıralar getdikcə sıxlaşacaq, genişlənəcək və möhkəmlənəcək. Bunu hər kəs gözəl bilir. Elə siz özünüz də…