Qubad Ibadoğlu: «Arayışda göstərilən məsələlərin nə dərəcədə obyektiv araşdırılması çox önəmlidir. Ona dəyər verib, onun əsasında qərar çıxaracağıq»
Müsavatın Zəngilan rayon təşkilatının sədri isə yeni başqanı istefaya çağırdı
Müsavat başqanı Arif Hacılı partiya üzvlərinə müraciət edib. O, “Facebook” səhifəsində hər kəsi barışığa dəvət edib: “Əziz dostlar, Müsavat Partiyasında keçirilən seçkilər zamanı rəqabət şəraitində irəli sürülən iradları, ittihamları hətta etik normaları aşmış olsa belə, unudacağımı demişdim. Hər kəsi də 27 sentyabr qurultay günündən sonra əvvəlki rəqabəti unutmağa, birgə fəaliyyət göstərməyə çağırmışdım”.
Müsavat başqanı qeyd edib ki, əksər partiya üzvləri onun bu çağırışına qoşulsalar da, qarşılıqlı ittihamlar tam dayanmayıb: “18 oktyabr istiqlal günündə bir daha partiya üzvlərinə səslənirəm. Partiyada bu günədək olan ittihamlar, təftişçilik meylləri ilə bağlı hərəkətləri seçki kampaniyası kontekstində olan fəsadlar kimi dəyərləndirib unutmağa çalışaq. Təhqir və böhtanlar istisna olmaqla və partiyanı tərk edənlərlə bağlı sərt mövqeyimizdə qalmaqla, olub keçənləri unudaq. Qucaqlaşaq. Yolumuza hər bir partiya üzvü ilə birlikdə davam edək. Hər birinizi bir daha milli istiqlal günü münasibəti ilə təbrik edirəm”.
“Arayışda göstərilən məsələlərin nə dərəcədə obyektiv araşdırılması çox önəmlidir. Ona dəyər verib, onun əsasında qərar çıxaracağıq”. Bu sözləri isə modern.az-a Müsavat Partiyasının başqanlığına keçmiş namizədi Qubad Ibadoğlu Arif Hacılının barışıq təklifinə münasibət bildirərkən deyib. O, əlavə edib ki, cavab araşdırılmayana qədər bu məsələlərə münasibət bildirməyəcək: “Bizim təqdim etdiyimiz arayış var, onun cavabını alan qədər Müsavat Partiyasının daxili məsələləri ilə bağlı şərh etməmək qərarına gəlmişəm. Onun cavabını aldıqdan sonra, mövqeyimi bildirəcəyəm”.
Qubad Ibadoğlu bildirib ki, partiyadaxili münasibətlərin pisləşməməsi üçün bir müddət susacaq: “Bu ərəfədə onlara vaxt vermək lazımdır ki, otursunlar işimizi araşdırsınlar, tələblərin pozulması hallarını aşkara çıxarıb müvafiq tədbirlər görsünlər. Biz bir şey deyib, başqa cavab alırıq. Bu prosesin ləngiməsinə, partiyadaxili mənfi münasibtələrin şiddətlənməsinə gətirib çıxarır”.
Qeyd edək ki, bir müddət əvvəl Qubad Ibadoğlu Müsavat Partiyasının VIII qurultayına hazırlıq, qurultayın işi və seçkilərin keçirilməsi zamanı baş vermiş pozuntulara dair arayışı və video çəkilişlərin diskini araşdırılması üçün Müsavat Partiyasına təqdim edib. Amma hələ də onun arayışına partiyadan cavab gəlməyib.
Onu da xatırladaq ki, Müsavat başqanı Arif Hacılı barışıq təklifinə Qubad Ibadoğludan əvvəl Səxavət Əlisoy “yox” deyib.
Bu arada Müsavatın Zəngilan rayon təşkilatının sədri və partiyanın Məclis üzvü Rüfət Əliyev Arif Hacılını başqan kimi qəbul etmədiyini bildirib. O, Moderator.az-a açıqlamasında başqan seçkisinin ədalətsiz şəkildə keçirildiyini, partiya nizamnaməsinə cavab vermədiyini vurğulayıb. “Seçkinin nəticələri Müsavat üzvlərinin iradəsini ifadə etmir. Çünki seçkinin nəticələri qurultaydan əvvəl saxtalaşdırılmış, Qubad Ibaqoğlunun bir sıra tərəfdarları müxtəlif yollarla qurultayda iştirak etmək hüququndan məhrum olunmuşdular. Bu da istər-istəməz qurultayda bu cür nəticənin ortaya çıxmasına zəmin hazırlamışdır”.
Daha sonra Rüfət Əliyev bildirib ki, başqan seçkisindən sonra Müsavatda yaranmış gərginliyin aradan qaldırılması üçün Arif Hacılı başqan postundan istefa verməlidir. O, yeni başqana xitabən deyib: “Illərimizi verdiyimiz, rahatlığımızı itirdiyimiz Müsavat idealları naminə bu addımı atın! Inanın ki, sizin bu addımınız yalnız bizim partiyanın yox, həm də bütün siyasət camiəsinin tarixinə müsbət hadisə kimi düşəcək, yadda qalacaq”.