Yaxud ağır daşların ağrıtdığı başlar
Azərbaycan hakimiyyətinin “tünd” xasiyyətinə hamımız bələdik. O qədər tünddür ki, səhvini üzünə deyən kimi adamnan küsür. Yadınızdadırsa, ABŞ-ın keçmiş səfiri Riçard Morninqstar “Azərbaycan hakimiyyəti monolit deyil” deyən kimi, YAP-çılar “bizi səndən küsdərəcik” dedilər. Elə o gündən də ABŞ adı çəkiləndə başlarına Vaşinqton boyda “daş” düşür.
Barak Obamanın Azərbaycanla bağlı tənqidi çıxışı isə “daşlı” başı daha da ağrıtdı. Indi, başlarını “sarıyıb”, ABŞ-ı daşlamaqla məşğuldular.
Ziyafət Əsgərovun “diaqnoz”u
Son dövrlər Azərbaycan hakimiyyətinə qarşı beynəlxalq təzyiqlərin artması, Avropa Parlamentində Azərbaycanla bağlı qətnamənin qəbul edilməsi, Azərbaycana qarşı sanksiyaların gündəmə gəlməsi hökumətimizin 21 illik istirahətinə soğan doğrayıb. “Kürü diplomatiyası”nın iflası, beynəlxalq ekspertləri satınalma cəhdinin uğursuz olması, “temperatur”u daha da yüksəldib. Indi “qızdırma”lı hökumət temperaturu azaltmaq üçün bütün “peraparat”lardan istifadə edir.
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov da “xəstə”liyin səbəbi kimi ABŞ-ı görüb və belə də deyib: “Leyla Yunusa görə Azərbaycan heç vaxt təklənə bilməz. Doğrudanmı Amerika Birləşmiş Ştatlarının problemləri qurtarıb, indi Leyla Yunusla maraqlanır! Məgər onların özündə problem yoxdur? Azərbaycanın daxili işlərinə qarışmaq lazım deyil. Hansısa erməni lobbisinin, hansısa qüvvələrin təsiri altında Azərbaycanla bağlı qərəzli bəyanatlar verilirsə, buna təəssüf etmək lazımdır. Bəzi qüvvələr Azərbaycanın onlara hesabat verməsini istəyir”.
Bəli, Ziyafət müəllim deyir ki, bizim bu xəstəliyə tutulmağımızın səbəbi Leyla Yunusdur. Əslində, pis diaqnoz deyil. Sadəcə olaraq “doktor” bilməlidir ki, xəstəliyin bu həddə çatması, orqanizmin uzun müddət yoluxmasından sonra baş verib. Yəni uzun illərdi Azərbaycan hakimiyyətindən öhdəliklərə əməl etmək, demokratik islahatlar aparmaq tələb olunur. Hakimiyyət isə, bütün zərərli maddələri qəbul etməyə davam etdi və Leyla Yunus, Intiqam Əliyev, Seymur Həzi, Anar Məmmədli son damla oldu.
Bir sözlə, həkim məsləhətinə qulaq asmayıb, həkimdən narazılıq etməyə başlayıblar. Nə deyirik, Allah məsləhət bilirsə, şəfanızı versin.
Novruz Məmmədova muştuluq verin
“Tvitter”dəki fəaliyyəti ilə bizləri heyran edən PA rəsmisi Novruz Məmmədov da baş verənlərə münasibət bildirib. Bu dəfə əlahəzrət “tvit” yazmayıb, mətbuata açıqlama verib: “Təəssüflər olsun ki, son zamanlar ABŞ Dövlət Departamentinin sözçüsü Azərbaycanla bağlı bir sıra əsassız, həqiqəti əks etdirməyən bəyanatlar verir. Görünür, bu yolla ölkənin daxili işlərinə qarışmaq daha məqbul hesab edilir. Yaxşı olardı ki, qanunun aliliyini əlində bayraq edən Dövlət Departamenti 20 ildən artıq müddətdə bütün hüquqlarından məhrum olmuş bir milyon qaçqın və köçkünün vəziyyəti və hüquqları ilə bağlı bəyanat verəydi. Dövlət Departamenti isə sözçüsünün vasitəsilə Azərbaycanla Avropa Birliyi və ABŞ arasındakı əməkdaşlığa kölgə salmaq, Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurmaq istəyir” deyə Novruz Məmmədov bildirib.
Bu sətirləri oxuyandan sonra ağlaya-ağlaya gülmək istəyirsən. Yəni siyasi tragikomediyanın “hikmət”inə əsir düşürsən. Nə yaxşı ki, Azərbaycan hakimiyyətindən demokratiya tələb olunur. Yoxsa, məmurlarımızın dilindən “Qarabağ” kəlməsini eşitməzdik. Elə ki demokratiya məsləsi gündəmə gəlir, hökumətimiz “Qarabağ dərdi” ilə yüklənir. Birdə ki, Azərbaycan hakimiyyəti 9 milyonun haqqını tapdalayırsa, ABŞ hökuməti 1 milyon qaçqının dərdini niyə çəkməlidir?
Bütün bunlara baxmayaraq, Novruz müəllimə “muştuluq” vermək istəyirik. Bilirsinizmi niyə? Çünki, Novruz müəllim yuxarıda bildirir ki, ABŞ Dövlət Departamenti Azərbaycanın imicinə zərbə vurmaq istəyir. Narahat olmayın, Novruz müəllim. Belə bir ehtimal varsa da, narahatlığa dəyməz. Çünki, sizin təmsil olunduğunuz hakimiyyət, bu məsələdə ABŞ Dövlət Departamentin qabaqlayıb. Yəni bütün Amerika çalışsa da, bu hakimiyyətin Azərbaycanın imicinə vurduğu zərbəni təkrarlaya bilməz. Daha dəqiq ifadə etsək, 12 ballıq zəlzələdən sonra, 1-2 bal təkanın qorxusu yoxdur. Gərək, Jirinovskidən sonra imic məsələsinə toxunmayaydız.
Obama Milli Şuranı söysəydi
Bir anlıq təsəvvür edək ki, ABŞ Azərbaycandan demokratiya tələb etmir, Barak Obama çıxışlarının birində Ilham Əliyevi tərifləyir, “Freedom House” ölkəmizdəki inkişafdan danışır. O zaman nə baş verərdi? Təbii ki, Devid Kramerə Kanar adalarında iqamətgah tikdirərdilər, ABŞ Dövlət Departamnetinə 165 metr hündürlüyündə ofis bağışlayardılar, Barak Obamaya isə, “ümumbəşəri lider” adı verərdilər. Obama bir az da irəli gedib, Milli Şuranı söysəydi, vəziyyət daha da qabarıq olacaqdı. Ən azı onun doğum günü Azərbaycanda qeyri-iş günü hesab ediləcəkdi. Ən əsası odur ki, bu hadisədən sonra Novruz Məmmədov və Ziyafət Əsgərovun ABŞ-la bağlı statusları “trend” olacaqdı. Biz bu təfəkkürdə olan adamların ümidinə qalmışıq.
Ən böyük utanmazlıq
Indi Qərbdən küsmüş hakimiyyətimiz Rusiya ilə evcik-evcik oynayır. Guya, Qərbə acıq verir və “barışmayacam” mesajı göndərir. Bunlar ölkənin sərvətini talamağı da, vətəndaşa böhtan atmağı da, günahsızları həbs etməyi də, Milli Şuranın mitinqində IŞID-in bayrağını qaldırmağı da bacarırlar və belə məsələlərdə “qabiliyyət” sahibidilər. Ən dəhşətlisi isə odur ki, bu qədər qanunsuz, qeyri-insani addımlardan sonra, dünyadan tərif umurlar. Guya, bütün dünya repressiyalara görə YAP hakimiyyətinə minnətdarlıq etməliymiş. Ən böyük utanmazlıq, utandırıcı əmələ bəraət qazandırmaq cəhdidir. Indi ABŞ bunlara “utanın” dediyi üçün, bunların ABŞ boyda dərdi yaranıb.
Akif