Onlar «çar»ı necə ittiham edirlər?
Rusiyada hazırki prezident Vladimir Putinin siyasətindən narazılıqlar get-gedə daha yüksək səslə eşidilir. Artıq tanınmış rus yazıçılarının, mədəniyyət və incəsənət nümayəndələrinin arasından da “yeni çar”ın Rusiyanı üzü qaranlığa doğru aparmasına qarşı kəskin etirazları eşitmək, görmək, oxumaq olar.
Təsadüfi deyil ki, bu ilin avqustunda rəsmi Kremlin arzuolunmaz şəxslərin qeyri-rəsmi siyahısını hazırladığı bildirilir və həmin siyahıda Andrey Makareviç (“Maşina vremeni” qrupu), Nikita Djiqurda (aktyor), “Lyapis Trubetskoy” qrupu, Ksenya Sobçak (aparıcı), Viktor Şenderoviç (yazar), Liya Axedjakova (aktrisa), Boris Qrebenşikov (şair), Qarik Xarlamov (KVN-çi, aktyor), Anna Sedokova (müğənni “VIA QRA”), Vera Brejneva (müğənni), Nataşa Korolyova (müğənni), Boris Akunin (yazıçı), Seryoqa (reper), Nikas Safronov (rəssam), Saşa Qrey (aktrisa), Diana Arbenina (musiqiçi), Sofiya Rotaru (müğənni), Vaxtanq Kikabidze, Andrey Bilqo (karikaturaçı) kimi yaradıcı simaların adı ön plana çıxmışdı.
Aşağıda sizə günümüzdə Rusiyanın ən tanınmış qələm adamlarından sayılan yazıçıların Putin haqqındakı son vaxtlarda səsləndirdikləri tənqidlərdən seçmələri təqdim edirik.
Yazıçı-dissident Vladimir Voynoviç:
– 1986-cı ildə Rusiyada Putinin hakimiyyətə gələcəyini demişdim. Bunu haradan bilirdim? Məsələ burasındadır ki, Sovet hakimiyyəti əldən düşüb çürüməyə başlayanda, içimdə KQB-nin hərəkətə gəlib hakimiyyət sükanını ələ keçirəcəyi ehtimalı yaranmışdı. Bütün varlıqları dövründə onlar kommunist partiyasına sədaqətlə xidmət etmişdilər, ancaq digər tərəfdən onlar xidmətində durduqları partiya liderlərindən daha alçaq və həm də yaxşı təhsil görmüş insanlar idilər… Mənsə hiss edirdim ki, vaxt gələcək onlar sədaqətlərinin əvəzində çox böyük şeylər tələb edəcəklər… 1999-cu ildə Putin zamanın tələbinə uyğun gəlirdi, lakin indi o kompüter əsrindəki yazı makinası kimi həmişəlik köhnəlib. Bir vaxtlar o hər axşam televizora çıxıb nazirlərə pensiyaları artırmağı, insanları yanğınlardan xilas etməyi və s. tapşırırdı və bu xalqın xoşuna gəlirdi, amma bu illərlə davam etdi. Onun ardınca başqa bir prezident, Dmitri Medvedev ortaya çıxdı və indi onlar ikisi də eyni tamaşanı bir qədər dəyişilmiş mövzularda göstərməyə davam etdilər… Nəhayət, onlar hər ikisi hələ dörd il əvvəl yerlərini dəyiş-düyüş eləməkdə razılaşdıqlarını etiraf etdilər. Bu isə onların sonunun başlanğıcı oldu… Əgər Putin yüz minlik nümayişlərin onu devirmək üçün kifayət qədər güclü olmadığını düşünürsə, böyük səhvə yol verir, çünki nümayişlərə qatılmayan, yerdə qalan milyonlarla insanın heç də onun tərəfində olduğunu demək doğru olmaz. Həmin milyonlar onu dəstəkləmir, sadəcə onlar hələlik susurlar… Putin tamam yeni, olduqca inandırıcı liberal inkişaf proqramları da təklif etsə belə, insanlar onu dinləməyəcəklər, çünki artıq hamının Putindən zəhləsi gedir… Onun sonu gəlib… O bunu nə qədər tez anlayıb, hakimiyyətdən əl çəksə bir o qədər xeyrinə olar.
Eduard Limonov:
– Putin hakimiyyətə varis kimi gəlib: o, Yeltsinin sevimlisi idi. 2000-ci ilə qədər onun bir damcı da olsun siyasi işi ya da partiyadaxili mübarizəsi yox idi. Bu vaxta qədər o bir dəfə də olsun seçkilərdə iştirak etməmişdi. Qısacası, o siyasətçi deyildi. O hər şeyi onun bunun əlinə baxıb öyrənib. Daha doğrusu bizim əlimizə baxıb. Indi isə onun səhvlərinə görə bütün Rusiya “cavab verməli” olur.
Putinin məşhurluğunu danmıram, amma bu ancaq və ancaq onun dövlət başçısı olması ilə əlaqədardır. Rusiyada prezident elə Allah kimi bir şeydir. Ancaq onun rəhbərlik etdiyi dövlət artıq Yeltsinin tərəfindən dağıdılıb və indi də hissə-hissə sökülüb uçulmaqdadır. Mahiyyətcə indi o rus dövlətinin bu özəyinə qədər sökülüb dağıdılması prosesinə rəhbərlik edir. O mənə Roma Imperiyasının qürubuna az qalmış ortaya atılan zavallı Sezarı xatırladır… Iddia edirlər ki, ümumi rəy sorğusuna görə, rusların böyük əksəriyyəti Putini dəstəkləyir. Bilirsiniz nə var? Rusiyada aparılmış sorğulara və bu qəbildən başqa ictimai rəyi öyrənməyə yönəlmiş araşdırmalara bel bağlamaq olmaz. Bizdə seçkiləri saxtalaşdırdıqları kimi, rəy sorğularını da asanlıqla saxtalaşdırırlar. Ayıq insanlar üçün artıq həyasızca saxtalaşdırılımış elə sorğular mənasız şeyə çevrilib… Stalin hakimiyyətdə NKVD -nin (Daxili Işlər üzrə Xalq Komissarlığı) amansızlığı sayəsində qala bilmişdi. Putinsə hakimiyyətdə yalan sayəsində qalmaqdadır. Biz indi rus koloritləri ilə boyanmış, demokratiyanın xüsusi tipi olan imitasiya demokratiyasına can atan polis dövləti, yalan imperiyasında yaşayırıq.
Məşhur yazıçı Boris Akunin:
– Məni indi ən çox öz ölkəm Rusiyanın göz önündə olan gələcək aqibəti narahat edir. Bizim gələcəyimiz qaranlıqdır.
Istəyirəm indidən Krımın Rusiyaya gözlənilən birləşdirilməsini alovlu sevinclə qarşılayan həmyerlilərimdən (belələri isə əhalinin böyük çoxluğunu təşkil edir) soruşum: hörmətli çoxluq, bu qənimətin bizə nələrin bahasına başa gələcəyini heç düşünübsənmi?
Yox!
Rusiya silahlı qüvvələrini başqa ölkənin ərazisinə (həyasız Putin yalandan nə deyirsə desin) yeritdiyi təqdirdə, bizi aşağıdakı hadisələr gözləyir:
– Rusiya əvvəlcə siyasi, sonra isə iqtisadi təcridlə üz-üzə qalacaq. Pullar xaricə axıdılacaq, investisiyalar dayanacaq, bizim qazımız və neftimizi isə tezliklə başqa ölkəninki ilə əvəz edəcəklər, bu da o deməkdir ki, yanacaqdan gələn külli miqdarda gəlir birdən-birə kəsiləcək.
– Qəflətən artan hərbi xərclər iqtisadi geriləməyə və rublun dəyərdən düşməsinə, lap axırda onun başqa pullara konvert olunmasının mümkünsüzlüyünə gətirib çıxaracaq. Ondan sonra Antalya, Misir və Taylandla vidalaşmaq lazım gələcək.
– Idxal mallarının qiyməti kəskin qalxacaq, bir çoxu isə sadəcə bazardan itəcək.
– Ölkənin valyuta ehtiyatları ancaq bir müddətlik bəs edəcək. Maaş və müavinətləri ödəyə bilmək üçün hökümət pul çap edən dəzgahları işə salacaq. Bu isə infilyasiyaya və qiymətlərin bir az da qalxmasına gətirib çıxaracaq. Büdcədən maliyyələşən təşkilatlara verməyə bir şey qalmadığı üçün ölkə müflisləşəcək.
– Gün gündən geniş vüsət alan narazılığın qarşısını almaqdan ötəri, rejim daha amansız, daha qanunsuz yollara əl atacaq. Internet məhdudlaşdırılıb, senzura ediləcək; sıravi KIV-lərdən isə danışmağa dəyməz. Siyasi məhbusların sayı gündən-günə artacaq və vaxt ötdükcə bu kateqoriyada siyasətdən uzaq adamların sayı çoxluq təşkil edəcək. Istənilən etirazın cəzası veriləcək.
Bəli, Putin Krım avantürasının hesabına özünə ömürlük kreslo təmin etdi. Özünü kresloya daha da möhkəm yapışdırdı. Bundan sonra, o, qorxudan istefaya gedə bilməyəcək. Ancaq ömürlük hakimiyyət çətin ki, uzun olsun. Hər kəs belə hakimiyyətin nəylə bitdiyini bilir. Iflasa uğramış rejimi dəyişdirmək üçün qanuni mexanizm olmadığından, inqilab mexanizmi işə düşəcək. Çoxmillətli bir ölkədə, özü də nüvə ölkəsində inqilab isə çox qorxuludur.
Məqsədim nə sizi qorxutmaq, nə də bəd şeylər danışıb kefinizi pozmaqdır. Sadəcə, böyük təəssüflə deyim ki, bütün bu şeylər çox gözləniləndir, praktiki olaraq qaçılmazdır. Bizi ancaq möcüzə xilas edə bilər.
Məşhur satirik yazıçı Viktor Şenderoviç:
– Putinin sələfləri siyasi fiasko ilə üzləşərkən nə ediblər: onlar şəxsi hakimiyyəti, beyinyuma təbliğatını gücləndirmiş; könhə, tox elitanı yeni ac elita ilə əvəzləmiş, profilaktik tədbir olaraq repressiyalara əl atmışlar.
Stalinin kollektivləşdirmə layihəsi iflasa uğrayıb aclıq törədəndə, partiya elitası ona qarşı ciddi təhlükəyə çevrildi. Nə etdi o? Böyük terrora əl atdı. Maonun “Böyük sıçrayışı” iflas uğrayanda “Mədəni inqilaba” əl atmalı oldu.
Eləcə də Putin. Ukrayna fırıldağı Pirr qələbəsinə çevrildikdən sonra, iqtisadi tənəzzül və ofşor avuarlarının sahibləri arasında baş qaldıracaq narazılığı yalnız Stalin metodu ilə yatıra bilər. O demək deyil ki, kütləvi terrora əl atacaq, amma yəqindir ki, təbliğatı daha da gücləndirməli, cəmiyyəti daha qorxutmalı, şəxsiyyətə pərəstişi ifrat həddə çatdırmalıdır. Başqa cür canını qurtara bilməz. Elitaya münasibətdə onun iki yolu var: ya elitanı repressiyaya məruz qoymaq, ya da yeniləmək. Bunadək onunla birlikdə “resursları mənimsəmiş” adamları bundan sonra onun rəhbərliyi altında, talanmışı yenidən talayacaq adamlarla əvəzləmək.
Odur ki, irəlidə böyük dəyişikliklər olacaq.
Hazırladı: Elay