Amerika bu ildən xaricdən neft almağı dayandırıb və özü neft istehsal etməyə başlayıb
Dünya birjalarında neftin qiymətində enmə davam etməkdədir. Nyu-Yorkun NYMEX birjasında «Layt» markalı neftin bir barelinin qiyməti 3.41 dollar düşərək 91.16, Londonun ICE birjasında isə «Brent» markalı neftin bir barelinin qiyməti 2.53 dollar azalaraq 94.67 dollar olub. Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AzərTAc-a verilən məlumata görə, «AzəriLayt» markalı neftin bir bareli London birjasında 1.06 dollar ucuzlaşaraq 96.57 dollar təşkil edib. Neftin qiymətində bu cür düşüş heç şübhəsiz büdcəsi neft gəlirlərindən asılı olan ölkələr üçün ciddi fəsadlar vəd edir. Amma bu arada çıxan digər bir xəbər də neftin qiymətinin daha əvvəlki həddə qalxmayacağını, əksinə daha da düşəcəyini deməyə əsas verir. Söhbət dünya bazarına çıxarılan neftin 40 faizinin alıcısı olan ABŞ-ın özünün neft hasilatına başlamasıdır.
İqtisadçı Natiq Cəfərli Azadlıq Radiosuna müsahibəsində neftin ucuzlaşmasının səbəbləri və yerli iqtisadiyyata təsiri haqqında danışıb. Ucuzlaşmanın səbəblərini izah edən ekspert deyib ki, bir neçə fundamental iqtisadi və siyasi səbəbləri var. «İqtisadi səbəblər ondan ibarətdir ki, dünyada dolların avroya, funt-sterlinqə nisbətdə məzənnəsi qalxır. İkinci səbəb odur ki, ABŞ avqustda özünün neft idxalından asılılığına son qoydu. Hətta 40 ildir olmayan hadisə baş verdi: ABŞ Konqresi gündə 600 min barel neftin ixracına icazə verdi. Yaxın gələcəkdə də bu ixracı artıracaqları gözlənilir. Bir anlıq təsəvvür edin ki, dünya neft bazarının az qala üçdə birini istehlak edən ABŞ bunun bir hissəsini Venesueladan, Ərəb Əmirliklərindən və digər neft ölkələrindən alırdı. Amma artıq ABŞ bu ildən xaricdən neft almağı dayandırıb və istehsal etdiyi neftlə özünü təmin edə bilir. Bu, çox ciddi məsələdir və dünya neft bazarına təsirsiz ötüşməyə bilməz». Avropa bazarlarının tələbatının təklifə adekvat olub- olmadığı barədə suala cavabında N.Cəfərli bunları deyib: «Avropada iqtisadi artım tempi nəzərdə tutulduğundan zəifdir. Gözlənilirdi ki, 2014-cü ildə Avropa bazarında canlanma olacaq, bu, iqtisadi artım yaradacaq. İqtisadi artım daha çox neft tələbatı demək idi. Çünki iqtisadiyyatın mexanizmlərini işlədən əsas enerji mənbəyi neftdir. İqtisadi artım 2.5-3 faiz civarında gözlənirdisə də, bu ancaq 1 faiz oldu. Üçüncü səbəb isə odur ki, bu il Çində də gözlənən artım tempi olmadı. Proqnozlara görə, bu il Çində 8 faizlik artım olmalı idi, amma analitiklər indi bunun 6 faizi ötməyəcəyini deyirlər. Çin dünyada ən böyük neft istehlakçısıdır. Təbii ki, bu da neftin qiymətinə təsir edib. O biri tərəfdən getdikcə bərpaolunan enerjinin istehsalı, buna keçid gündəmə gəldi və bu il bir sıra mühüm texnoloji irəliləyişlər oldu. Gələn ildən Avropa ölkələri hibrid avtomobillərə keçmək haqqında qərar verdilər. Dünyada neftin 25-30 faizi avtomobillərə yanacaq kimi istifadə olunur. Hibrid avtomobillərdən istifadə yanacağa olan tələbatı azaldacaq».
Ekspertin sözlərinə görə, qiymətlərin enməsi həmçinin Rusiya ilə Qərbin iqtisadi müharibəsi də xüsusi rol oynayır. Rusiya iqtisadiyyatının 60 faiz gəlirlərini neft sektoru təşkil edir. Neftin qiymətinin enməsi Rusiya iqtisadiyyatında ciddi problemlər yaradır.
Neftin qiymətinin düşməsinin Azərbaycan iqtisadiyyatına təsirlərinə gəlincə, N.Cəfərli Azərbaycanın çoxşaxəli iqtisadi model yarada bilmədiyinə diqqət çəkir. «Büdcənin 72 faizi birbaşa neft gəlirlərindən formalaşır. Üstəlik, dolayısı ilə neft gəlirlərindən asılı olan hissəni hesablasaq, bu, 85 faiz demək olur. Büdcədə neftin baza qiyməti 100 dollar götürülüb. Neftin 100 dollardan aşağı satılması Azərbaycan büdcəsi üçün əlavə yük gətirəcək. Amma bu gün 2014-cü il büdcəsinin icrası üçün ciddi narahatçılıq yoxdur, çünki ilboyu neftin qiyməti 100 dollardan çox olub. Kəskin enmə olmasa, məsələn, 80 dollara enməsə, ilin sonuna qədər Azərbaycan neftinin orta qiyməti 100 dollar olacaq. Amma gələn ilin büdcəsi üçün yenə də neftin baza qiyməti 100 dollar götürülsə, neftin isə dünya bazarında qiymətinin enmə tendensiyası davam etsə, onda ciddi problemlər yarana bilər».
Ekspert nüfuzlu beynəlxalq təşkilatlara istinad edərək hesab edir ki, gələn il neftin qiyməti 85-90 dollar civarında olacaq.
Siyasi ekspertlər hesab edir ki, neftin qiymətinin sürətlə ucuzlaşması neft istehlakçılarına xeyli fayda gətirəcək, istehsalçılara isə ciddi zərbə vuracaq. İqtisadiyyatı əsasən neft gəlirlərindən asılı olan ölkələr üçün bu proses çox ciddi itkilərlə nəticələnəcək. Ən böyük ziyanı iqtisadiyyatı diversifikasiya olunmamış ölkələr böyük sosial-iqtisadi böhranla üzləşə bilərlər. Azərbaycan və Rusiya kimi iqtisadiyyatı əsasən enerji daşıyıcılarından asılı olan ölkələr çox böyük maliyyə itkilərinə məruz qalacaqlar. Bu isə o deməkdir ki, bu ölkələrin beynəlxalq aləmdə də mövqeləri ciddi şəkildə zəifləyəcək. Neftin qiymətinin stabil olduğu ötən ildə Azərbaycanın dövlət büdcəsi iki milyard kəsirlə formalaşdırıldığı nəzərə alınsa, qiymətlərin aramsız olaraq düşməsi dövlət büdcəsinin növbəti il üçün formalaşması ilə bağlı həlli çox çətin olan problemlər doğuracaq. Analoqu olmayan inkişafın dərin sosial-iqtisadi böhranla əvəzlənəcəyi ehtimalı çox böyükdür.
Xəyal