Əbülfəz Qurbanlı (ebulfezgurbanli.wordpress.com)
Jirinovskinin ölkəmizə təşrif buyurması, az qala xilaskar rolunda qarşılanması çoxlarında təəccüb doğurdu ki, necə olur bu adam bizə qoyun deyir, həm də ölkəyə gəlir. Sizcə, Jirinovskinin paytaxta rahat səfəri son bir-iki həftənin işidir? Necə oldu ki, “Azərbaycan xalqı qoyundur” deyən adam ölkəyə rahatlıqla səfər edə bildi? Azərbaycan hakimiyyəti illərdir bunun üçün iş aparıb. Öz sıralarında söyüşçüllərin dəstəsini yaradıb. Azərbaycanlıların bu dəstənin simasında söyüşə immunitetini formalaşdırıb. Formalaşdırıb ki, Jirinovski də Azərbaycana gələndə rahatlıqla, komplekssiz qarşılansın.
Etibar Hüseynov ölkəni idarə edən ailənin TV-sindən ləyaqətli adamları təhqir etmirdimi? Hər cür söyüşlər, ədəbsizliklər bu adamın dili ilə Azərbaycanlıların evinə daxil olmurdumu? Nəticədə bu adam yüksek qiymət-deputat mandatı alıb parlamentdə oturmadımı? Və ya Hafiz Hacıyev bu gün ailəsinin, oğlunun, qızının rifahını, güzəranını hakimiyyətin “söy” tapşırıqlarını yerinə yetirməklə təmin etməyibmi? Seçki zamanı Hafizin söyüş və təhqirləri ilə birgə iqtidar mediasında ön səhifələrdə olması onun övladlarının maşınını, yüksək yerlərdə işinin əldə olunmasına gətirib çıxarmadımı? Azərbaycan iqtidarı Jirinovski bu ölkəyə gələnə qədər söyüşün hündür tribunalarını qurub, ora adını çəkdiyim tipləri dırmaşdırıb ləyaqətli insanları söydürdü, sizlərə eşitdirdi və sonra nə etdi? Şərəfli tarixin məhsulu olan BDU-nun müəllimlərini könüllü olmasa da Hafizin mitinqlərinə göndərdi, həmvətənlərimizi bu kirli işə şahidlik etdirdi və ən sonda nə etdi? Ən sonda öz himayəsində qurdurduğu söyüş tribunasına məhz hamımızı aşağılamış Jirinovskini gətirdi və nöqtə qoydu. Qoyulan nöqtə nədir? Laqeydliyimiz, ictimai qınağı olmayan bir toplum olmağımız. Zamanında, sevgili həmvətənlər, etibarlara, hafizlərə etiraz etmədik. Hətta ora qədər laqeyd olduq ki, qurucu babalarımızın fədakarlıqla qurduğu universitetin müəllimləri bu tör-töküntülərin mitinqinin iştirakçısı oldu. Ölkənin çoxminlik müəllim ordusu belə bir rüsvayçı olaya dərin dözümlülük nümayiş etdirdi.
Meydanlarda millətimizin bir hissəsi saxta seçkiyə etiraz edəndə Etibar Hüseynovun deputat təyin olunduğu dairənin seçicilərinden səs gəlmədi. Bu söyüş tarixçəsinin son sehifəsi Jirinovskinin rahat Bakı səfəri oldu. Qutsal Şəhidlərimizin məzarına gəlişi təhqir oldu. Bu imkanı Azərbaycan iqtidarının riyakarlığı və bizlərin laqeydliyi yaratdı.
93 yaşlı Stefan Essel bizim kimi azadlığa, demokratik dəyərlərə, ədalətə təşnə olan millətlərə tutaraq avtoritar quruluşlara ədavət hissi bəsləməklə, hiddət ifadə etməklə bəsləmək çağırışları dolu “Hiddətlənin!” əsərini yazmaqla xitab edir. Və deyir: “Mövqelərin ən pisi laqeydlikdir!”
İndi əziz həmvətənlər, biz ən pis mövqeyi-laqeydliyi xarakerimizdə yaşatdıqca millətimizə və hər birimizə qarşı ən pis mövqedə olanların rahat səfərlərinin və təhqirlərinin şahidi olacağıq.