«İqtidar anlayır ki, demokratiya ilə bağlı Azərbaycana münasibətdə Qərbin güzəştləri olmayacaq»
Azərbaycan hakimiyyəti ona qarşı olan təzyiqlərə özünə məxsus formada «cavab» verməkdədir. Hakimiyyət yenə də ənənəsinə sadiq qalaraq Qərbi hədəf alıb. Avropa Parlamentinin Azərbaycandakı insan haqları ilə bağlı qəbul etdiyi qətnamə bir neçə gün öncə parlamentdə müzakirə olundu. Deputatlar Qərbin Azərbaycana yanaşmada yol verdiyi tənqidlərin reallığa uyğun olmadığını əsaslandırmağa çalışdılar. Parlamentin toplantısında kifayət qədər sərt bəyanatların səsləndirilməsinə baxmayaraq yekunda Milli Məclisin qəbul etdiyi bəyanat o qədər də sərt deyildi. Hətta həmin bəyanatda bir cümlə diqqəti çəkir. Həmin cümlədə Azərbaycanda insan haqları sahəsində bir sıra qüsurların olması etiraf olunsa da, bunun sistematik xarakter daşımadığı vurğulanır.
Buarada isə Avropa Şurası Parlament Assambleyasının Hüquq və İnsan haqları Komitəsi sentyabrın 30-da yekdilliklə bəyanat qəbul edib. Bəyanatda deyilir ki, Komitə Azərbaycanda QHT rəhbərlərinin və insan haqları müdafiəçilərinin son həbslərindən hiddətlənib. Sənəddə Azərbaycanda insan haqları ilə bağlı durum bir daha tam sərtliyi ilə dilə gətirilib.
Gültəkin Hacıbəyli: «Avropanın cənub-şərqində yerləşən ölkə demokratiyaya, qanun aliliyinə hörmətlə yanaşmaya bilməz»
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Milli Məclisdə qızğın müzakirələrin aparılmasına baxmayaraq sonda qəbul olunan qətnamənin daha yumuşaq notlar üzərində qurulması təsadüfi deyil. Çünki Azərbaycan parlamenti qarşı tərəfdə kimin olmasını gözəl bilir: «Avropa Parlamenti Avropanın 28 ölkəsini təmsil edən ali qanunverici orqandır. Avropa Parlamenti dünyada ABŞ-dan sonra 2-ci böyük iqtisadi, siyasi, hərbi gücü təmsil edir. Heç də təsadüfi deyil ki, bu dəfə Milli Məclisin bəyanatına «Azərbaycanda da nöqsanlar var, biz bunu etiraf edirik. Amma onlar sistemli xarakter daşımır» cümləsi əlavə edilib. Mən Azərbaycanın Avropa ilə qarşıdurmada dərinə gedəcəyindən narahat deyiləm. Çünki Azərbaycanda belə bir potensial yoxdur. Digər tərəfdən biz Avropa Parlamentindən özümüzə münasibətdə həmişə xoş niyyət görmüşük. Bu həmin Avropa Parlamentidir ki, siyasi məhbuslarla bağlı qətnamə qəbul etdikdə belə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu dilə gətirir».
G.Hacıbəyli eyni zamanda vurğuladı ki, Avropa Parlamentinin üzvü olan ölkələr Uelsdə keçirilən NATO sammitində Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə ediblər. Avropa Parlamentinin aparıcı ölkəsi olan Almaniyanın dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə dəstək bəyanatı ilə çıxış etdiyini deyən G.Hacıbəyli qeyd etdi ki, Azərbaycan özünün iqtisadi uğurlarına görə məhz Avropa Birliyi ilə əməkdaşlığa borcludur: «Azərbaycan hakimiyyəti siyasi məhbus problemini dərinləşdirməklə, Leyla Yunusu, İntiqam Əliyevi, Rəsul Cəfərovu Avropaya siyasi məhbus kimi təqdim etməklə çox ciddi yanlışlıqlara yol verdi. Hakimiyyət hazırda özü də anlayır ki, vəziyyət kifayət qədər ciddidir. Hakimiyyət hətta AŞ PA-da mövqelərini itirirsə, Brasser vətəndaş cəmiyyətinin hələ həbs olunmamış hissəsiylə görüş keçirirsə bunun qarşılığında iqtidar anladı ki, Azərbaycana münasibətdə Qərbin güzəştldəri olmayacaq. Uzun müddət Azərbaycan hakimiyyətində belə bir fikir var idi ki, ölkəmiz özünün zəngin iqtisadi imkanlarından, neft, qaz resurslarından istifadə etməklə Qərbin bizə münasibətdə fərqli davranışına səbəb ola bilər. Azərbaycan bu zaman nə Qərblə, nə də Rusiya ilə olmamağı, hibrid bir model haqqında düşünürdü. Amma xaricdən gələn bəyanatlar sübut edir ki, Avropanın cənub-şərqində yerləşən ölkə demokratiyaya, qanun aliliyinə hörmətlə yanaşmaya bilməz»
Xəyal