Azərbaycanda ötən il reallaşan bu əməliyyatların təfərrüatı açıqlanmır
Ötən il Azərbaycanda ümumilikdə təxminən 114 mln. manat həcmində şübhəli əməliyyat həyata keçirilib. “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin 2013-cü ilə dair hesabatında qeyd olunub.
Hesabata əsasən, 2013-cü ildə ümumi həcmi 113,9 mln. manat təşkil edən 603 əməliyyat şübhəli hesab olunub.
Bundan başqa, ötən il ərzində 230,1 mln. manat həcmində yüksəkriskli əməliyyatlar həyata keçirilib.
Qurumun açıqladığı rəqəmlərə əsasən, 2011-2013-cü illər ərzində 829,5 min əməliyyat şübhəli qismində qeydə alınıb.
Maraqlıdır ki, həmin əməliyyatların təfərrüatları açıqlanmır. Iqtisadçı-ekspert Qubad Ibadoğlu söyləyir ki, şübhəli əməliyyatları Maliyyə Monitorinq Xidməti aşkara çıxarıbsa, bunu müvafiq orqanlar araşdırmalıdır. Ekspertin qənaətincə, şübhəli əməliyyatlar deyəndə mənşəyi məlum olmayan, gizli şəkildə aparılmış əməliyyatlar nəzərdə tutulur: “Bu, narkotik və digər qanunsuz biznes fəaliyyətiylə əlaqəli olan əməliyyatlar ola bilər. Bu barədə təfsilat verilmədiyi üçün konkret fikir söyləmək mümkün deyil. Amma bununla belə, bəyannamə olmadan gətirilən əməliyyatlar, bank dövriyyəsinə girərək mənşəyi göstərilməyən əməliyyatlar, qanunsuz, Azərbaycanda fəaliyyəti qadağan olunmuş biznes fəaliyyəti və s. şübhəli əməliyyatlar siyahısına aid ola bilər”.
Nigar