Bunun səbəbi bu il məhsulun az olmasıdır
Kənd təsərrüfatı məhsullarının qiymətində açıq müşahidə edilən qiymət artımı getdikcə yüksələn xətt üzrə gedir. Hələ payız-qış mövsümü gəlməmiş qiymətlərdə artım başlayıb. Rəsmi qurumlar bunu mövsümün bitməsiylə əlaqələndirir. Lakin müstəqil ekspertlər Rusiyaya daşınmalara görə qiymətlərin qalxdığını deyərək ət və ət məhsullarının idxalıyla birgə, gələn aylar daha yüksək bahalanmanın olacağını bildirir.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov məsələni şərh edərək builki qiymət artımını məhsul qıtlığıyla bağlayır. Ekspertin fikrincə, bu barədə hələ ötən ildən proqnozlar səsləndirilir. Yəni keçən ilin dekabrında yanacağın qiyməti artırılanda bunun qiymətlərə də təsir edəcəyi, məhsulun maya dəyirini artıracağı bildirilirdi:
“Həmçinin, bu il məhsulun az, məhsuldarılığın aşağı olması qiymətlərin sıçrayışla artırılması fonunda müşahidə edildi. Məhsulun azlığının səbəbi isə havaların isti keçməsi və bunun nəticəsində bitkinin suya olan ehtiyacının artması fonunda onun ödənilməməsi oldu. Aqrotexniki qaydalara əməl olunmaması və digər faktorlar bu il problemlərə yol açıb. Nəticədə bazarda qiymətlərin artdığını müşahidə etdik”.
V.Məhərrəmov qeyd edir ki, qiymət artımı bir müddətdən sonra ət və ət məhsullarında da özünü göstərəcək. Bu da qüvvəli yem istehsalında qiymət yüksəkliyilə əlaqədardır. Otun qiymətinin yüksək olması ət və ət məhsullarının bahalanmasına səbəb olacaq. Ekspertə görə, bu tendensiya artan formada gedəcək. Hökumət isə qiymət artımının qarşısını almaq istəyirsə, müvafiq addımlar atmalıdır:
“Hökumət kifayət qədər kənd təsərrüfatı məhsullarının ehtiyatını saxlamalıdır ki, lazım olanda həmin ehtiyatı bazara çıxarmaqla qiymətə təsir edə bilsin. Amma reallıqda belə bir ehtiyat yoxdur və nəticədə də görünən vəziyyət yaranıb”.
Nigar