Ramiz Mehdiyev ekstremist dini təşkilatlarla bağlı şikayətini niyə Rusiyada dilə gətirir?
Moskvada MDB üzvü olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin ikinci görüşü keçirilib. Görüşdə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib. PA rəhbəri Ramiz Mehdiyev tədbirdə məruzə ilə çıxış edib və radikal dini ideologiyaların yayılmasına şərait yaradan əsas səbəblərdən danışıb. Görüş iştirakçılarına Azərbaycanın hüquq mühafizə orqanları və xüsusi xidmətləri tərəfindən ekstremist dini təşkilatların fəaliyyətinə qarşı mübarizə üçün görülən tədbirlər və bu sahədə qazanılmış uğurlar barədə məlumat verilib.
Muzdlu qatilliyə və terrorizmə, habelə Azərbaycan vətəndaşlarının dini düşmənçilik əsasında ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştiraka cəlb edilməsinə görə cəzaların sərtləşdirilməsi üçün milli qanunvericiliyə düzəlişlər qəbul edilməsi haqda məlumat verilib.
Göründüyü kimi, Ramiz Mehdiyev Rusiyada dini radikalizmin fəsadlarından, zərərlərindən, təhlükəli olmasından danışıb.
Əvvəla, qeyd etmək lazımdır ki, Azərbaycan hakimiyyəti uzun müddət “dini radikalizm” şüarından yararlanıb və Qərbdən demokratiya tələbləri güclənəndə “radikal dindarlar hakimiyyətə gələ bilər” mesajını veriblər.
Bu siyasi gedişi Hüsnü Mübarək modeli də adlandırmaq olar. Çünki, Hüsni Mübarək də ətrafındakı müxalifəti sıradan çıxarıb, yalnız “Müsəlman qardaşları”nı saxlamışdı. Və dünyaya o mesajı çatdırdı ki, Misirdə hakimiyyət dəyişsə, radikal müxalifət ölkənin başına keçəcək və ölkədə dini ekstrimizm hökm sürəcək.
Ancaq Hüsnü Mübarək təcrübəsi də göstərdi ki, bu metodlarla əbədi hakimiyyətdə qalmaq və dünyanı aldatmaq mümkün deyil. Beləliklə, Azərbaycan hakimiyyətinin bu istiqamətdə manevr imkanları tükəndi.
Amma Ramiz Mehdiyevin fikirlərində özünüifşa, özünütəkzib də var. Belə ki, əldə etdiyimiz məlumatlara görə, Azərbaycanda yüzlərlə dini icma qeydiyyatdan keçib və bu proses PA-nın razılığı altında həyata keçirilir. Əslində, hüquqi ünvanı mənzillər olan bu icmalara nəzarət etmək, təhlükəsizlik tədbirləri görmək çox çətindir. Bəs, hökumət nəzarət edə bilməyəcəyi, özünə təhlükə hesab etdiyi qurumlara niyə “posport” verir? Bu qədər dini icmanın qeydiyyatına “yaşıl işıq” yandırmağa nə ehtiyac var?
Başqa bir məqam ondan ibarətdir ki, bir müddət öncə Türkiyədə Fətullah Gülən şəbəkəsinə qarşı mübarizə başladı və Azərbaycan da bu əmliyyatlara cəlb olundu. Məlum oldu ki, PA rəhbərinin müavini də “nurçu” şəbəkəyə daxil imiş. Daha sonra müxtəlif məmurların adı “nurçu” siyahısına düşdü. Nəticədə məlum oldu ki, bu şəbəkənin təhsil sektorundan tutmuş, televiziya kanalına qədər böyük imperiyası var. Necə olub ki, bu şəbəkə PA-nın qulağının dibinə qədər gəlib və hökumətimiz bundan xəbərsiz olub?
Yaxud ölkədə santexnika, divar kağızları, müxtəlif tikinti materialları biznesinə “sələfi”lər nəzarət edir və onlara heç bir maneə törədilmir. Guya, hökumət bundan xəbərsizdir?
Gömrükdən 1 kilo bananın, quru südün keçirilməsinə də nəzarət edən hökumət, bu şəbəkələrin fəaliyyətini niyə görməzdən gəlir?
Yəni bu ölkədə bütün təhlükələri yaradan da, məhv edən də hakimiyyət özüdür. Hakimiyyətin mənafeyinə uyğun gələndə tolerantlıq, dözümlülük, dini dəyərlərə sayğıdan danışılır. Həqiqi dindar, inanclı insan etirazını bildirəndə isə, şərlənərək həbs olunur.
Əsl təhlükə kimi çıxış edən qüvvələr isə, hakimiyyətin himayəsi altında fəaliyyət göstərir.
Qeyri-ciddi məqam budur ki, Ramiz Mehdiyev ekstremist dini təşkilatlarla bağlı şikayətini Rusiyada dilə gətirir. Halbuki, indiki şəraitdə Rusiya özü şikayət edəcəyi ünvanı axtarır. Ağır sanksiyalar, dünyanın sərt münasibəti, iqtisadi tənəzzüllə üz-üzə qalmış Rusiyadan nicat ummaq, məsləhət istəmək absurddur.
Akif