Biri bərbad, o biri abad
Heydər Əliyev fondunun təşəbbüsü ilə Şərifzadə küçəsində (Inşaatçılar metrosunun yaxınlığında) baxça tikilib və bugünlərdə həmin baxçanın açılışı olacaq. Ənənəvi olaraq, bu baxçanın da “analoq”u olmayan görüntüsü var. Belə ki, baxçanın ön tərəfinə ot örtüyü salınıb, asfalt çəkilib.
Arxa tərəflərdə isə, toz-torpaq, zibilxana və palçıqlıq hökm sürür. Daha dəqiq ifadə etsək, ölkə başçısının, yaxud birinci xanımın gələcəyi yerlər bəzədilib, lent kəsilməsi üçün şərait yaradılıb. Ümumilikdə isə, işlər yarımçıq qalıb və yağışların başlayacağı təqdirdə baxçanın yan və arxa hissələri bərbad vəziyyətə düşəcək. Əslində, belə hallar ilk dəfə baş vermir və bütün işlərin lent kəsiminə, televiziya təbliğatına hesablandığı aydındır.
Sadəcə olaraq xəbər yayıldı ki, ölkə başçısı Ilham Əliyev bugünlərdə Rusiyada da baxça lenti kəsib. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiyanın Həştərxan şəhərində Ulu Öndərin adını daşıyan 11 nömrəli orta məktəbin nəzdində inşa edilmiş “Dostluq” uşaq bağçasının açılışı olub.
Bağçanın təməli 2013-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə qoyulub. Prezident Ilham Əliyevə məlumat verilib ki, 140 yerlik bağçada həm Həştərxanda yaşayan azərbaycanlı, həm də yerli ailələrin uşaqları təlim-tərbiyə alacaqlar. Ümumilikdə bu məktəbəqədər müəssisədə 2-6 yaş arasında uşaqlar üçün 6 qrup nəzərdə tutulub. Bağça bütün zəruri avadanlıq və inventarla təchiz edilib. Uşaqlar üçün yaradılan idman və musiqi zalları, digər otaqlar ən müasir tələblər səviyyəsində qurulub.
Biz də bir anlıq Yasamaldakı baxçanı xatırladıq və Həşətərxandakı baxça ilə müqayisə etmək istədik. Görəsən, Həştərxandakı baxçanın da yalnız prezident gələn tərəfə açılan hissəsi abadlaşdırılıb, yoxsa hər tərəfində iş aparılıb?
Şəkillərdən görünür ki, Həştərxandakı baxça daha yüksək səviyyədə inşa olunub və hökumətimiz Azərbaycan “ənənə”sini ölkəmizdən kənara çıxarmayıb.
Həmişəki kimi qonşulara qarşı səxavətli, özümüzə qarşı xəsislik prinsipi ilə fəaliyyət göstərirlər.