Vəfa Quluzadə: «Ilin sonuna qədər həm IŞID-lə, həm də Əsədlə bitirmək olar, amma bəzi şərtlər təmin olunmalıdır»
IŞID-ə qarşı Qərbin endirdiyi zərbələr hər ötən gün terror təşkilatına ağır zərbələr endirməkdədir. Təşkilatın verdiyi itkilər bu sürətlə davam edərsə, ilin sonuna qədər Yaxın Şərqin bu problemdən azad ola biləcəyini söyləmək olar.
ABŞ prezidenti Barak Obamanın son xəbərdarlıqları da onu deməyə əsas verir ki, Amerika IŞID-lə yanaşı Yaxın Şərqin daha bir problemi Bəşər Əsədlə də vidalaşmaq niyyətindədir. Obama deyib ki, Birləşmiş Ştatların kəşfiyyat orqanlarının rəhbərləri Islam Dövləti kimi ekstremist qrupların Suriyanı nə dərəcədə zəiflədə biləcəyini kifayət qədər qiymətləndirə bilməyib. Amma Obama ilin sonuna qədər bu problemin həllini tapacağına inanır.
Əsədin atdığı addımlardan sonra onun hakimiyyətdə qalmasının qeyri-mümkün olduğunu deyən politoloq Vəfa Quluzadə hesab edir ki, Əsədlə IŞID-in məsələsi birgə həll oluna bilər. Hazırda Suriyanın Əsədin razılığı olmadan bombalandığını deyən V.Quluzadə bildirdi ki, bu artıq hakimiyyətin itirilməsi deməkdir: “Yaxın Şərq problemi həllini tezliklə tapmalıdır. Amma bu zaman bir sıra başqa məsələlərin də çözümü vacibdir. Onlardan biri Kürdüstanla bağlıdır. Əlbətdə, burada Türkiyənin də rolu nəzərə alınmalıdır. Ilin sonuna qədər həm IŞID-lə, həm də Əsədlə bitirmək olar. Amma bunun üçün bir sıra vacib məsələlərin həlli gərəkdir”.
Ekspertlərin eyni zamanda Yaxın Şərqdəki problemlərin uzana biləcəyini də dilə gətirdiklərini deyən V.Quluzadə vurğuladı ki, IŞID-i yalnız hava zərbələri bitirmək çətin olacaq. “Əgər quru əməliyyatı aparılmazsa, problemin həlli uzanacaq. Çünki IŞID tərəfdarları dinc əhalinin olduğu şəhərlərdə yerləşir. Digər tərəfdən region ölkələrinin, xüsusilə Iranın mövqeyinin necə olacağı vacibdir”,- deyə V.Quluzadə vurğuladı.
Xəyal