«İlham Əliyevin əlini sıxarkən yüzlərlə insanın qanını və göz yaşlarını xatırlayın…»
Fransa mətbuatı hazırda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun bu ölkənin prezidenti Fransua Ollanda ünvanladığı məktubu dərc edib. Məktubu kiçik ixtisarla təqdim edirik:
***
Çox hörmətli, cənab prezident!
Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi, 20 ildən artıqdır ki, Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına, Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasına çalışır. Indi də siz yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edəcəksiniz. Sizin Azərbaycanla Ermənistan arasında sülh sazişinə nail olmaq istəyinizə bir an belə, şübhə etmirən. Lakin Ilham Əliyevin səmimiyyətinə, onun sülhə can atmasına nə dərəcədə inanmaq olar?
O, Azərbaycanda xalq diplomatiyasının aparıcı fəallarını həbsə atdırıb. Bizim Sülh və Demokratiya Institutu təsis edildiyi vaxtdan – 1995-ci ildən xalq diplomatiyası, sülhə nail olunması istiqamətində fəaliyyət göstərir. 2012-ci ildə biz birgə unikal Azərbaycan-Ermənistan saytını yaratdıq. Burada iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər, münaqişə şəraitində anadan olan tələbə və gənclər arasında açıq dialoq aparılırdı.
Bu il aprelin 19-da tanınmış jurnalist, xalq diplomatiyasının fəalı Rauf Mirqədirov Ermənistanın xeyrinə casusluqda ittiham olunaraq həbs edilib. Iyulun 30-da məni, avqustun 5-də isə həyat yoldaşım Arifi həbs ediblər. Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına tərəfdar olanların hamısı Ermənistanın xeyrinə casusluqda ittiham edilir.
Mənə işgəncə verilir…
Bu il mayın 12-də Bakıya səfəriniz zamanı Fransa səfirliyində sizi görmək imkanı qazandım. Mən sadəlövhcəsinə güman edirdim ki, Qərbin demokratik ölkələrinin liderləri Azərbaycanda genişlənən repressiya dalğasının qarşısını almaq üçün səy göstərəcəklər.
Həbs olunduqdan sonra – avqustun əvvəlində sizə məktub göndərdim. Məktubda Azərbaycanda geniş vüsət alan amansız repressiyalara diqqət yetirməyiniz xahiş olunurdu. Mənə məlumdur ki, məktub ünvana yetişib.
Sağlam düşüncə və ayıq yaddaşla qalacağıma səhhətimin nə qədər imkan verəcəyini bilmirəm. Çünki həbsxanada məni məhv etmək üçün mümkün olan bütün addımları atırlar. Ancaq ümid edirəm ki, məktubu oxuyacaqsız.
Avropa Ittifaqı və Avropa Şurasının dəstəklədiyi avtoritar rejim təkcə Azərbaycan xalqının, bizim ölkənin gələcəyini deyil, həm də bütün Cənubi Qafqazda dinc inkişafı məhv edir. Bu gün Azərbaycanda 120 nəfər vicdan məhbusu həbsdədir, onlar hər cür işgəncələrə məruz qalırlar.
Cənab Olland!
Görüş zamanı prezident Ilham Əliyevin əlini sıxarkən insan haqları uğrunda mübarizə aparan yüzlərlə insanın qanını və göz yaşlarını, o cümlədən mənim ailəmin göz yaşlarını xatırlayın.
Hörmətlə, Fransa Fəxri Legion ordeni kavaleri
Leyla Yunus16 sentyabr, 2014-cü il