Həştərxanda Xəzəryanı dövlətlərin növbəti sammiti ərəfəsində Rusiyadan maraqlı bəyanat gəlib. Rusiya prezidentinin MDB ölkələri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov bəyan edib ki, 18 ildir ki, Xəzərin hüquqi statusu ilə bağlı razılığa gəlmək mümkün olmur. Xəzər probleminin həllinin Rusiyanın xarici siyasətinin prioritetlərindən biri olduğunu söyləyən
İ. Bratçikov vurğulayıb ki, Moskva Xəzər dənizinin milli sektorlara bölünməsinin əleyhinədir: «Rusiya tərəfi Xəzər dənizinin milli sektorlara bölünməsi ilə bağlı mövqeni bölüşmür. Moskva əvvəldən bu prinsip əsasında Xəzər dənizinin bölünməsinin əleyhinə çıxış edib. Əvvəl Moskva milli zonalar adlandırılan, sahildən 25 dəniz mili məsafədə zonaların yaradılması ilə razılaşıb. Bu milli zonalardan kənardakı hövzə ümumi su məkanı olmalıdır”.
Həştərxan görüşü ərəfəsində bu cür mövqeyin sərgilənməsi maraq doğurur. Rusiya bu cür yanaşma ilə nəyə nail olmağa çalışır?
Vəfa Quluzadə: «Rusiya Həştərxanda təzyiqlə mövqeyini digər ölkələrə qəbul etdirməyə çalışacaq»
Politoloq Vəfa Quluzadə bildirdi ki, Rusiyanın Xəzərin statusu ilə bağlı əvvəlki siyasəti tam fərqli idi. Belə ki, Rusiya əvvəl Xəzərin milli sektorlara bölünməsi ilə razı idi: «Hazırda hər bir Xəzəryanı dövlət öz sektorunda təbii resursların istismarı ilə məşğuldur. Xəzərdəki yataqların istismarı yalnız yüksək Qərb texnalogiyaları ilə mümkündür. Rusiya indiyə qədər buna etiraz etmirdi. Rusiya sadəcə olaraq ona etiraz edirdi ki, Xəzərin dərinliyində heç bir boru xətti çəkilə bilməz. Çünki bu ekologiyaya ziyandır. Bu cür məsələlər konsensusla həll oluenmalıdır. Bu isə o deməkdir ki, Rusiya Qazaxıstandan Bakıya Aktau-Bakı neft kəmərinin çəkilməsini istəmədiyi zaman o zaman bu cür layhiələrə veto qoyacaq. Rusiya Xəzərin səthinin ümumi olmasını təklif edirdi. Rusiyaya görə Xəzərin səthində sərhədlər olmamalıdır. Xəzər hələ sovet dövründə de-fakto sektorlara bölünüb və hazırda da bu bölünmənin əsasında Xəzərdə iş gedir».
Rusiyanın hərbi donamasının bir il əvvəl Putini müşayət edərkən Bakıya Azərbaycanın icazəsi ilə daxil olmasını xatırladan V.Quluzadə vurğuladı ki, amma Putinin SSRİ-ni bərpa etmək planı Xəzərlə də bağlı müəyyən mülahizələrin olmasını istisna etmir: «Putin SSRİ-ni bərpa çərçivəsində ittifaqın ərazilərini geri qaytarmaq istəyir. Rusiyanın hazırda Xəzərin milli sektorlara bölünməsini tanımaması buna xidmət edir. Lakin bu ideya heç bir Xəzəryanı dövlət tərəfindən dəstəklənmir».
Rusiyanın Xəzərin statusu ilə bağlı hətta İranla da əməkdaşlıq edə bilmədiyini deyən V.Quluzadə bildirdi ki, çünki İranın da bu məsələlərə baxışı tam fərqlidir. İran Xəzərin bərabər sektorlara bölünməsini təklif edir. Bu zaman beş ölkənin hər birinə 20 faiz ərazi düşür. Bu ideya da həm Rusiya, həm də başqa Xəzəryanı dövlətlər tərəfindən dəstəklənməyib. Rusiyanın Həştərxanda təzyiqlə öz mövqeyini digər ölkələrə qəbul etdirməyə çalışacağını söyləyən V.Quluzadə bildirdi ki, lakin bu yanaşmanın qəbul olunacağı inandırıcı deyil: «Putin Həştərxanda iki tərəfli görüşlər keçirəcək. Rusiya prezidenti Azərbaycanı Avropanı dəstəkləyən enerji layihələrində iştirakdan yayındırmağa çalışacaq».
Xəyal