Amerikada 510-590 manata olan telefonlar Bakıda 1695-2119 manata satılır
Bakıda telefon həvəskarlarının böyük maraqla gözlədiyi “iPhone 6″ smartfonlarının satışına start verilib. ”Fins.az”ın məlumatına görə, ilk dəfə olaraq smartfonlar “Irşad Telecom” və “World Telecom” mağazalar şəbəkəsində satışa çıxarılıb.
Bakıda “iPhone 6″ 1695-dan 2019 manatadək…
Bakıda satışa çıxarılan smartfonların qiymətləri qeyri-adi dərəcədə yüksəkdir. Doğrudur, yeni “iPhone 6″ların qiymətinin yüksək olacağı gözlənilirdi, amma Bakıda təklif olunan qiymətlərin başqa ölkələrə nisbətən qat-qat baha olması alıcıları təəccübləndirib.
Adıçəkilən mağazalar şəbəkəsində yeni “iPhone 6″nın ən ucuz modelləri olan ”iPhone 6 – 16 GB Space Grey” və “16 GB White” modelləri 1695-1700 manata, “iPhone 6 Gold”, “64 GB White” modelləri isə 1895 manata satılır. Smartfonun nisbətən böyük variantı – 5,5 düymlük “iPhone 6+” modelləri isə 2119 manata satışa çıxarılıb.
“Irşad Telecom”un satış mərkəzindən verilən məlumata görə, hələlik müştərilərə yalnız “IPhone 6″ modeli təqdim edilir. Bir neçə gündən sonra IPhone 6+ modeli də satışa çıxarılacaq.
Artıq Bakıda yeni “iPhone 6″ alanlar var
Amma mağazalarda bildiriblər ki, qiymətlərin yüksək olması alıcıların “iPhone 6″ya maraqlarını azaltmayıb. ”World Telecom”un mağazalarından birindən “fins.az”a bildiriblər ki, indiyədək bir neçə “iPhone 6″ alınıb, 10-a yaxın ”iPhone 6+” telefonu isə sifariş edilib.
Yeni “iPhone 6″ları ABŞ-da almaq daha ucuz başa gəlir
Araşdırmalar göstərib ki, yeni “iPhone 6″ın qiymətləri Bakıda o dərəcədə şişirdilib ki, bu smartfonları Bakıda almaqdansa, okeanın o tayına səfər edərək ABŞ-ın özündən alıb gətirmək daha sərfəlidir. Hətta təyyarə biletinə çəkilən xərcləri nəzərə aldıqda da ABŞ-dan alınan ”iPhone 6″ daha ucuz başa gəlir.
ABŞ-da “iPhone 6″nın qiyməti 649 dollar (510 manat), ”iPhone 6+”un qiymət isə 749 dollar (590 manat) təşkil edir. ABŞ-a səyahətə gəlincə, “R&R Travel” şirkətinin məlumatına görə, “AZAL” avia şirkətinin bir qədər əvvəl təqdim etdiyi sərfəli kampaniya çərçivəsində Bakıdan Nyu-Yorka birbaşa gediş-gəliş bileti 599 avroya (təqribən 600 manat) başa gəlir. Nyu-Yorkda 3 günlük yaşayış (təyyarə reysləri arasındakı müddət) xərcləri təqribən 500 dollara (390 manat) başa gəlir. ABŞ-a getmək üçün viza alınması 160 dollar və ya 125 manata başa gəlir.
Başqa sözlə, “iPhone 6″ telefonu almaq üçün ABŞ-a uçmaq, Nyu-Yorkda 3 gün səyahət etmək və geri qayıtmaq ümumilikdə 1624 manata başa gəlir ki, bu da adı çəkilən mağazalar şəbəkəsindəki qiymətlərdən azı 70 manat ucuzdur.
Özü də bu, məsələnin maddi tərəfidir. ABŞ-a hamının arzuladığı səyahəti və Azadlıq abidəsi fonunda yeni “iPhone 6″ ilə selfie çəkmək imkanını nəzərə alanda, bu variantın üstünlüyü ümumiyyətlə, sual doğurmur.