Azərbaycan tamaşaçılarının yeganə alternativ televiziya layihəsi kimi maraqla izlədiyi “Azərbaycan saatı” proqramı artıq ikinci həftədir ki, verilişlərinə fasilə verib. Bu da tamaşaçılarda təbii suallar yaradıb.
Bununla əlaqədar olaraq “Azərbaycan saatı” yazılı açıqlama yayıb. TV proqramın saytında (azerbaycansaati.com) yerləşdirilən məlumatda deyilir:
Azərbaycan Saatı proqramının aparıcısı Seymur Həzinin həbs edilməsindən sonra proqramın əsas yükü ölkə xaricində olan studiyaların üzərinə düşür. Buna görə də, qısa bir fasilə verib bu texniki problemləri həll etmək lazım gəlir. Bundan əlavə, proqramın yayıldığı kanal və onun tezlikləri ilə bağlı da müəyyən dəyişikliklər ediləcək. Bütün bunlar isə proqramın izləyiciləri üçün daha keyfiyyətli və daha rahat baxış şəraitinin təmin edilməsi üçündür. Ən qısa müddətdə Azərbaycan Saatı verilişləri bərpa edəcək. Ayın sonuna qədər verilən bu fasilə zəruri yaradıcılıq fasiləsi də sayıla bilər. Buna görə də, izləyicilərimizdən xahiş edirik, ruhdan düşməsinlər. Biz onların sevimli proqramını qırılmağa imkan verməyəcəyik.
Cari problemlər yoluna qoyulduqdan sonra hər kəsin Azərbaycan Saatının yeni keyfiyyətdə bərpasını alqışlayacağından əminik.
Xüsusi olaraq bildiririk ki, bu fasilə Seymur Həzinin həbsi ilə proqramın işinə ziyan vurmaq istəyənlərin bəd niyyətlərinin gerçəkləşməsi kimi dəyərləndirilməməlidir. Əksinə, hamı Seymuru, eyni zamanda, bu niyyətlə həbs edənlərin nə nə qədər yanıldıqlarının şahidi olacaqdır.