Səadət Cahangir
Ölkədə “Əsrin müqaviləsi” layihəsinin 20 illiyi qeyd olundu. Bu yubiley yəqin ki, əvvəlki illərdəkilərdən bir az fərqli ovqatla yadda qalacaq. Bilirsiniz, Bakı 2015-ci ildə Yay Olimpiya oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Bir az əvvəl də İnsan Hüquqları üzrə Helsinki Fondu və Polşanın İnsan hüquqları üzrə İnstitutu bu tədbirin sponsorlarına müraciət göndərib. Onların arasında “Əsrin müqaviləsi”nin əməliyyatçısı olan BP şirkəti də var. Müraciətdə qeyd olunur ki, insan hüquq və azadlıqlarının geniş miqyasda pozulduğu ölkədə keçiriləcək tədbirə sponsorluq edənlər bu vəziyyətə görə məsuliyyət daşıyırlar. İki gün əvvəl də eyni tələblə şirkətin baş ofisinin qarşısında aksiya keçirilib və ölkədə ilə bağlı narahatlıq yüksək dairələrin diqqətinə çatdırılıb.
BP şirkəti də məlum müraciətə cavab olaraq açıqlama yayıb. Şirkət bildirib ki, o bu ölkə qarşısında götürdüyü öhdəliyə ciddi yanaşır, insan haqlarını hörmət olunmasını da vacib sayır, amma olimpiya oyunları ilə bağlı sponsorlarından biri kimi hökumətin müstəqil siyasətinə təsir edə bilməz.
Bənzər situasiya bu ilin fevral ayında Soçi şəhərində Qış Olimpiya oyunlarının keçirilməsi ilə bağlı da baş vermişdi. Beynəlxalq tədbir ərəfəsində Rusiyanın insan haqları sahəsindəki kobud pozuntuları və Ukraynaya müdaxiləsi yenidən dünya gündəminə oturmuşdu. Hətta bir sıra aparıcı qərb ölkələrinin kəskin mesajları arada “boykot rüzgarı” əsdirmiş, amma bütün bunlara baxmayaraq, tədbir baş tutmuşdu…
Əfqan yazıçısı Xalid Hüseyninin “Çərpələng uçuran” əsərində belə bir parça var: “1980-ci ildə biz hələ Kabildə olanda Birləşmiş Ştatlar Moskvadakı olimpiya oyunlarını boykot etdiyini bildirmişdi. Bu hadisəni Baba ikrah hissi ilə şərh edirdi: “Vah, vah! Brejnev əfqanları qırır, bu “qozsındıran”ın da “sizin hovuzda çimmərəm” deməkdən başqa sözü yoxdur. Baba hesab edirdi ki, Karter kommunizmə Leonid Brejnevdən çox xidmət göstərib…”
Yazıçının bildirdiyi kimi, 1980-ci ildə Sovet İttifaqının Əfqanıstanı işğalına etiraz olaraq, ABŞ başda olmaqla 64 ölkə Moskva Olimpiadasını boykot etmişdi. Nəticədə, oyunlara cəmi 80 komanda qatılmışdı. Tarixlər bir az təkrarlanmış kimi görünür, əslində. Amma görünür, bu dəfə Rusiya qarşısına daha bərk qozlara hesablanmış “qozsındıran” çıxarılacağını hesablamamışdı. Qərb nəhayət ki, sərt sanksiya paketləri ilə ortaya çıxıb məsələyə əl qoymağa qərar verdi…
İndi bizimkilər də yay olimpiya oyunlarına hazırlaşır. Lakin ölkə insanının əsəbləri də tarım çəkilmiş yaya bənzəyir. Böyük enerji müqaviləsinin 20 illiyini qeyd etdiyimiz bir vaxtda, məhbəslər vicdan məhbusları ilə dolub-daşır. İntellektuallar, siyasilər, hüquq müdafiəçiləri, inanclı insanlar, gənc fəallar… Əgər söhbət Avropa miqyasında beynəlxalq oyunların ölkəmizə gətirilməsindən gedirsə, insan haqları niyə bu oyunun bir hissəsi olmasın? Biz də dünyanın bir parçası olmaq barədə Avropa qarşısında öhdəlik götürmüşük, onların da
bu məsələdə öz qayda-qanunu var. Olimpiya oyunlarına ev sahibliyi etmək gözəl missiyadır. Amma inanıram ki, bunu ölkə insanının həyatını zəhər-zəqqum etməklə keçirməyin bəlli bir hesabı var. Ona görə, hər kəs Rusiya təcrübəsini gözə alıb sonradan başına gələn oyunları unutmasın gərək. Çünki bərk qoz olduğunu göstərməklə qürrələnmək də həmişə nəticə verməz, bir gün mütləq güclü qozsındıran çıxar qarşınıza…