Xaliq Bahadır xanbahadir@mail.ru
Məni Hikmət Hacızadə ilə birlikdə “Azadlıq” radiosuna çağırmışdılar. Penklub proqramında Azərbaycanda rusdilli məktəblərin olub-olmaması ilə bağlı diskussiyaya qatılacaqdıq. Radio demokratiya prinsiplərindən çıxış edərək bəri başdan balanslaşdırma yolu tutmuşdu: Hikmət Hacızadə rusdilli-Rusiyayönümlü, mənsə millətçi-türkçü olaraq çağırılmışdım. Istər radio əməkdaşlarının, istərsə də dinləyicilərin gözləntisinə görə qızğın diskussiya alınacaqdı. Ancaq… alınmadı: mənim çoxları üçün gözlənilməz çıxışlarım işi pozdu – Hikmət Hacızadədən daha artıq aktivliklə mən rusdilli məktəblərin olmalı olduğundan danışdım. Bu isə mənimlə bağlı yalnız dinləyicilərdə deyil, bir sıra dostlarda da kəskin reaksiya doğurdu. Filosof dostlarımdan biri kəskinliklə: “Özünü biabır eləmə, bu düşüncədən daşın!”- buyruğu verdi.
Nələrisə aydınlatmaq üçün deyirəm: özüm rusdilli deyiləm, uşaqlarımı da rusdilli məktəbdə deyil, azərbaycandilli məktəbdə oxutmuşam. Kimlərəsə də uşaqlarını rusdilli məktəbdə oxutmağı aşılamıram. Iş bunda deyil, iş daha çox bizim gerilikçi düşüncəmizdə, ən çox da demokratik respublika normaları ilə düşünə bilməməyimizdədir. Unutmamalıyıq: Doğu dünyasında ilkin olaraq biz Avropanın özünə örnək olacaq demokratiya qurmuşduq. O demokratiyanı quranların, demək olar, hamısı rusdilli idi. Bunu bəri başdan niyə deyirəm? Indi bizdə rusdilli məktəblərin olmasını istəməyənlərin böyük çoxluğu Rusiyanı bizə düşmən dövlət saymaqla rusdilillər arasında rusiyayönümlülərin çox olacağından, onların bir çoxunun Rusiyaya işləyəcəklərindən qorxurlar. Onların bir çoxu da “biz Rusiya əsarətindən qurtulmuşuqsa, burada rusdilli məktəblərə qadağa qoyulmalıdır” arqumentindən çıxış edir.
Birincisi, mən Rusiyada oxuyub gəlməklə Azərbaycanda rusdilli məktəbi qurtarmağı, sözsüz, bir tutmuram: bunların arasında daha çox dil oxşarlığı ola bilər. Ikincisi, metropoliyadan qopub ayrılmaq hələ bütünlüklə suverenlik qazanmaq deyil. Burada başlıca olaraq siyasi suverenlik önə çəkilə bilər, qalanları – sosial, ekonomik, kültür suverenliyi elə də tez qazanılmır. Dünya praktikasından göründüyü kimi sözü gedən bu suverenliklər daha çox metropoliya ilə qırılmayan ilişkilər sürəcində qazanılır, bərkidilir: burada bağların birdən-birə kəsinliklə qırılması daha çox tərs-effekt verir. Bəlli olduğu kimi, dünyada ən sərt, ən ağrılı koloniya sistemi ingilislərdə olub (dünyada ilk konslagerləri ingilislər yaradıblar). Uzun illər Ingiltərə koloniyası olmuş Hindistandakı milli-azadlıq hərəkatının başında duranların çoxu, başlıcası da Mahatma Qandi ilə Cəvahirləl Nehru Ingiltərədə oxumuşdular. Hindistan suverenlik qazandıqdan sonra da, Ingiltərədən düşməncəsinə uzaqlaşmadı – bir sıra bağları saxlamaqla onun yetənəklərindən yararlanma yolu tutdu. Bir çox baxımlardan bu bizə örnək olası faktdır. Rusiya bu gün bizə antidemokratik rejimi ilə düşməndir. Ancaq Rusiya bizim üçün yalnız antidemokratik rejim demək deyi, ola da bilməz. Böyük ədəbiyatı olan ölkədən tutmuş böyük bazaradək bizi Rusiyaya yaxınlaşdıran, bağlayan çoxlu bağlar var…
Bu gün azərbaycandilli məktəbləri bitirənlərin yüzdə doxsanı ana dilindən “2″ alırsa, biz nədən danışırıq? Bu gün azərbaycandilli məktəbləri bitirənlər gerçək məktəb yerinə rüşvət məktəblərini bitirirlərsə, biz nədən danışırıq? Birinci, dövlət, dövlət olmalı (korrupsiya dövləti yox), sonra ortada düzgün milli siyasət olmalıdır. Düzgün milli siyasətə uyğun olaraq dövlətin bütünlüklə ölçülüb-biçilmiş təhsil siyasəti olmalı, bu siyasətlərə uyğun da toplum yetişdirilməlidir. Dövlətdəki, təhsildəki başıpozuqluq üzündən bu gün bizim ölkəmiz bütünlüklə başıpozuq ölkəyə çevrilməkdədir. Vəhabilik başda olmaqla ölkəni din fanatizmi bürüyüb. Bunlar, bir çoxlarının düşündüyü kimi, kəskin qadağalarla deyil, düzgün siyasi-ideoloci yönətimlə qarşısı alınacaq görsənişlərdir. Indilikdə problemin çözümü rusdilli məktəbləri bağlamaq deyil, azərbaycandilli məktəblərdə yüksək bilik verməkdir…