Mübariz Qurbanlı kabab tüstüsünün ekologiyanı pozduğundan narahatdır
Uzun müddətdir müzakirə mövzusu olan məsələ barədə deyəsən, konkret addımların atılması gözlənilir. Söhbət toy mərasimlərinin keçirilməsi qaydalarından gedir. Belə ki, Azərbaycanda toy məclislərinin keçirilməsi qaydaları ilə bağlı Milli Məclisdə qanun layihəsi hazırlanacaq. Trend-ə müsahibəsində Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı bu barədə danışıb.
M.Qurbanlı qeyd edib ki, Azərbaycanda xalq özü toy qaydalarına da böyük düzəliş edəcək, lakin bu sahədə qanunların tətbiqi də mümkündür: “Bunu necə etmək olar? Birincisi, toy məclislərində səsgücləndiricilərlə yayılan səsin hüdudu müəyyənləşdirilməlidir. Ikincisi, restoran və şadlıq evlərində toy məclisləri üçün menyu olmalıdır. Toy sahibi istəsə, yeməkləri həmin menyu ilə, istəməsə başqa yeməkləri sifariş edə bilər. Üçüncüsü, bütün şadlıq evləri ekologiyanı pozur. Onların bişirdikləri kababın tüstüsü ətraf mühitdə böyük ekoloji çətinliklər yaradır. Bu və digər məsələlərə nəzarət edilməlidir. Hazırda Milli Məclisdəki dostlarımız bu məsələnin üzərində işləyirlər və bununla əlaqədar qanun layihəsi hazırlayacaqlar. Artıq toy məclislərinin qanunla tənzimlənməsi sosial tələbata çevrilib”.
Xatırlatmaq yerinə düşər ki, mərasimlərlə bağlı məsələ gündəmə gələrkən cəmiyyəti daha çox toy mərasimlərinin necə tənzimlənəcəyi maraqlandırdı. Çünki yas mərasimlərinin keçirilməsi bir növ insanın özünə, imkanlarına bağlıdırsa, toy barədə bunu demək mümkün deyil. Ən azından restoran və şadlıq evinin menyüsü bizdən asılı olmayan səbəblərdən tərtib edilir və toy sahibinin təklif olunanlarla razılaşmaqdan başqa çarəsi yoxdur. Bu mənada toy mərasimlərində israfçılığın qarşısının alınması üçün hansı addımlar atılacağı ictimaiyyətdə bir maraq və ümid oyatdı.
O da bəllidir ki, müəyyən mənada yas mərasimlərinə tətbiq ediləcək məhdudiyyətlərin toylara aid ediləcəyi də mümkün deyil. Çünki kimsəyə sirr edyil ki, şadlıq sarayları və restoranlar oliqarxların nəzarətində olduğundan hətta millət vəkillərinin də onlara toxunmaq cəsarəti yoxdur. Bu mənada cəmiyyət üçün toy mərasimlərində israfçılığın qarşısının alınması vacib olsa da, gözlənilən deyildi. Bu gözləntinin yerində olduğu elə Mübariz Qurbanlının yuxarıda qeyd etdiyi fikirlərdədir.
M.Qurbanlının söylədikləri böyük bir millət vəkili ordusunun toyda nəyin qarşısının alınacağı və nəyə məhdudiyyət qoyulacağı sualının cavabını verir. Heç demə, sözügedən problemdə millət vəkillərimizi narahat edən əsas məsələ toylarda səs-küyün çox olması və kabab tüstüsüymüş.
Millətin vəkilləri millətin toylardakı əsas çətinlik və problemin çözülməsi barədəki ümidlərini qırmaq bir tərəfə, onların əsas marağı elə özlərini narahat edən məsələnin reallaşdırılmasından ibarət imiş. Millət vəkillərini insanların bu toyu hansı vəsaitlər, bor-xərc, yoxsa kreditlər hesabına etməsi, israfçılıq deyil, ordakı səs-küy və tüstünün narahat etməsi onların parlamentdə xalqın səsini çatdırmaq üçün əyləşmədiyi qənaətini yaradır. Təəssüfedici fakt olsa da, həqiqət budur.
Sonda M.Qurbanlı kimi deputatlarımızın oturduğu parlament barədə bir neçə söz demək, zənnimizcə, yerinə düşər. Bu parlamentdən kabab tüstüsünün qanun layihəsinə gətiriləcəyini gözləmək də mümkün və realdır. Şadlıq evlərinə hamının narazı qaldığı işlərdə qadağa qoymaq işin ən çətinidir. Məmur və oliqarxlarla qarşı-qarşıya dayanmaq da hər kişinin işi deyil. “Palanı döyəcləmək”sə hamının bacardığı bir işdir.
Sosial şöbə