Məhəmməd Talıblı: «Azərbaycan Rusiya ilə birgə riskləri paylaşırsa, deməli ölkəmiz də beynəlxalq sanksiyalarla üzləşə bilər»
Hazırda dünya ölkələrinin Rusiyanı yürütdüyü siyasətə görə diz çökdürməyə çalışdığı bir vaxtda Azərbaycan əksinə şimal qonşusunu üzləşdiyi situasiyadan çıxarmağa çalışır. Bu məqsədlə artıq Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının idxalına başlanılıb. Rusiya Qərbin ona kənd təsərrüfatı məhsulları ilə bağlı tətbiq etdiyi embarqonu bu yol ilə dəf etməyə çalışır. Amma Azərbaycanın təşəbbüsləri bununla bitmir. Mətbuatda gedən məlumatlara görə, bu günlərdə İrana səfər edən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin İran prezidenti Həsən Ruhani, başqa rəsmilərlə görüşündə müzakirə mövzularından biri də bu ölkənin kənd təsərrüfatı məhsullarının Rusiyaya idxalı olub. Azərbaycan bu məsələdə sadəcə olaraq tranzit rolunu oynayacaq. Heç şübhəsiz bu addım da Rusiyanın üzləşdiyi sanksyiaları yumuşaltmağa xidmət edir.
Bəs Azərbaycanın bu cür təşəbbüsləri ona nə vəd edir? Azərbaycanın Rusiyaya bu cür açıq dəstəyi ölkəmizə qarşı hansı addımların tətbiqi ilə nəticələnə bilər?
İqtisadçı Məhəmməd Talıblı bildirdi ki, hazırda Azərbaycan Rusiyanın üzləşdiyi sanksiyalar üzündən yaranan vəziyyətdən çıxarmaq üçün addımlar atmaqdadır. Azərbaycanın bir sıra kənd təsərrüfatı məhsullarını xaricdən idxal etdiyini deyən M.Talıblı vurğuladı ki, Azərbaycan kənd təsərrüfatı məhsullarına olan təlabatının yalnız 55 faizini ödəyə bilir. Amma Azərbaycanın kənd təsərrüfatı məhsullarını Rusiyaya ixrac etdikdən sonra ölkədə onların qiymətinin kəskin artdığını söyləyən M.Talıblı hesab edir ki, bu yanlış siyasətdir: «Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ayaq açması azərbaycanlıların daha bahalı məhsullar almasına gətirib çıxardı. Bu isə o deməkdir ki, bizim vətəndaşlar Rusiyanın maraqları naminə daha çox vəsait xərcləməyə məcbur qalıb. Azərbaycan bu siyasəti təşviq etməklə Rusiyaya dəstək verir. Ona görə bu heç bir halda təqdir oluna bilməz. Əslində Azərbaycanın Rusiyaya münasibətdə bu cür siyasət yürütməsi ölkə hakimiyyətinin hansı siyasi xəttdə olduğunu göstərir».
M.Talıblı hesab edir ki, Azərbaycan bu cür siyasət yürüdərək Rusiya ilə birgə riskləri paylaşırsa, deməli ölkəmiz də beynəlxalq sanksiyalarla üzləşə bilər. Çünki Azərbaycan dünya miqyasında güclərin Rusiyaya yönəlik siyasətində siyasi tərəf nümayiş etdirir: «Azərbaycan hazırda dünyada baş verənlərin fonunda Qərb siyasi xəttini deyil, Rusiya xəttini müdafiə edir. Ona görə bu təkcə iqtisadi problemlərin həllində qonşu ölkəyə dəstək xarakteri daşımır. Bu qlobal miqyasda qiymətləndiriləndə Azərbaycanın Rusiya-İran siyasi xəttini dəstəklədiyini deməyə əsas verir. Bu isə Azərbaycanın strateji və prespektiv maraqlarına ziddir. Avropaya inteqrasiyadan kənarda olmaq o anlama gəlir ki, Azərbaycan dünyanın mütərəqqi dəyərlərini bölüşmür».
Xəyal