Ölkənin SWIFT-dən çıxarılması belə qiymətləndirilir
Avropa Parlamentinin üzvlərinin Avropa Birliyi ölkələrini Rusiyanı SWIFT beynəlxalq banklararası telekommunikasiya sistemindən çıxarmağı təklif etməsi barədə məlumat vermişdik. Artıq neçənci dəfədir ki, Rusiyaya qarşı belə bir sanksiyanın qəbulu təklif edilir. Bəs belə bir addımın atılması Rusiyaya nə vəd edir? Beynəlxalq birliyin bu təşəbbüsü Rusiyanı yürütdüyü aqressiv xarici siyasətdən vaz keçməyə vadar edə bilərmi?
Çünki bir müddət əvvəl oxşar sanksiya İrana qarşı tətbiq olunmuşdu. İranın bu sanksiya ilə üzləşməsi ölkə iqtisadiyyatını acınacaqlı duruma saldı. İranı Qərblə danışıqlara getməyə vadar edən faktorlardan biri də məhz bu idi. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, İran iqtisadiyyatı beynəlxalq aləmə bir o qədər də inteqrasiya etməmişdi. Ona görə Rusiyadan fərqli olaraq İranda bu sanksiyanın təsirini yalnız son illərə doğru görmək mümkün oldu.
Qubad İbadoğlu: «Rusiya SWIFT-dən çıxarılarsa, o zaman ölkə bankları beynəlxalq maliyyə sövdələşmələrində bir subyekt olaraq iştirak edə bilməyəcək»
İqtisadçı Qubad İbadoğlu vurğuladı ki, əgər Rusiya SWIFT-dən çıxarılarsa o zaman Rusiya bankları beynəlxalq maliyyə sövdələşmələrində bir subyekt olaraq iştirak edə bilməyəcək. Çünki hazırkı müasir bank sistemi transferləri SWIFT kodlar üzərində həyata keçirməyin üzərində qurulub: «SWIFT sistemi Rusiyadan xaricə göndərilən və ölkəyə daxil olan maliyyə vəsaitlərinin hərəkətinə imkan verir. Bu sistemdən kənarda qalma beynəlxalq pul köçürmələrində problem yaradacaq. Nəticədə həm ölkəyə mal gətirilməsində, həm də mal ixracında çətinliklər baş verəcək».
Beynəlxalq aləmdən gələn bu təşəbbüsü Rusiya iqtisadiyyatını zəiflədən amil kimi qiymətləndirən Q.İbadoğlu hesab edir ki, bu addım Rusiyada fəaliyyət göstərən beynəlxalq səviyyəli şirkətlərin də bu ölkədən çıxmaq məcburiyyətində qalmasına səbəb olacaq.
Xəyal