Türkiyənin 11-ci prezidenti Abdullah Gül vəzifədəki müddəti başa çatandan sonra ilk dəfə doğulduğu Kayseriyə gedib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, xüsusi təyyarə ilə Erkilet hava limanına gələn Gülü Kayserinin valisi Orxan Düz, böyük şəhər bələdiyyə başçısı Məmməd Özhaseki, Gülün qardaşı Macit Gül, hakim Ədalət və İnkişaf Partiyası (AKP) Kayseri millət vəkilləri İsmayıl Tamer, Yaşar Karayel, müstəqil millət vəkili Əhməd Öksüzkaya, vətəndaş cəmiyyət quruluşlarının nümayəndələri və bir qrup vətəndaş qarşılayıb.
Gülün hava limanının VIP zalından çıxışı zamanı “Məmləkətim” mahnısı çalınıb. Əllərində Gülün fotoşəkilləri, bayraq və gül olan vətəndaşlar “Gözəlliklərin qabaqcılı böyüyümüz şəhərinizə xoş gəldiniz” yazılan pankart açıb, “Türkiyənin qüruru” şüarları səslənib.
Prezidentlik müddəti başa çatandan sonra Gülün yeni partiya yaradacağı iddia olunurdu. Keçmiş prezident bununla bağlı suala belə cavab verib:
“Yeni partiya iddiaları gerçək deyil, tamamilə əsassızdır. Prezident olaraq vəzifəmi yerinə yetirdim, bundan sonra da hökumətə və hörmətli dövlət başçısına işlərində dəstək verəcəyəm”.