AŞ PA-nın payız sessiyasında ciddi müzakirələr olacaq
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyası çərçivəsində Xarici Işlər Nazirləri Şurası adından çıxış edəcək. Elmar Məmmədyarov Şuranın son fəaliyyəti ilə bağlı hesabat verəcək və parlamentarilərin suallarını cavablandıracaq.
Məlumata əsasən, AŞ PA qarşıdakı payız sessiyasında Ukraynadakı mövcud böhranı və neonasizmə qarşı fəaliyyəti yenidən müzakirə etməyi planlaşdırır. Bununla yanaşı, AŞ PA-ya sessiya çərçivəsində “Islam Dövləti” qruplaşması tərəfdən təhdid məsələsini, habelə xristian və digər dini icmaların nümayəndələrinə qarşı zorakılıq problemini nəzərdən keçirmək təklifi daxil olub. Həmin mövzular üzrə yekun qərar hələ qəbul edilməyib.
Sessiya çərçivəsində Iqtisadi Əməkdaşlıq və Inkişaf Təşkilatı, Avropa Yenidənqurma və Inkişaf Bankı ilə mövcud vəziyyət üzrə debatlar təşkil etmək, həmçinin Gürcüstan və Albaniya üzrə monitorinq məruzələrini dinləmək planlaşdırılır.
Qeyd edək ki, AŞ PA-nın payız sessiyası sentyabrın 29-dan oktyabrın 3-dək davam edəcək.
Bildiyiniz kimi, əvvəlki sessiya Azərbaycan hakimiyyəti üçün olduqca gərgin keçmişdi və Ilham Əliyevə çətin suallar ünvanlanmışdı. Hətta Ilham Əliyevin çıxışı zamanı zalda etiraz aksiyası da keçirilmişdi. Eyni zamanda Azərbaycanda siyasi məhbusların olduğu, insan haqlarının tapdandığı ifadə edilmişdi.
Bu dəfə müzakirə olunan məsələlər də görünür ki, Azərbaycan hakimiyyətinin maraqlarına uyğun deyil. Həm Ukrayna məsələsində, həm də IŞID-lə bağlı konkret qərarlar vermək lazım gələcək. Eyni zamanda debatlar zamanı Azərbaycandakı son vəziyyətin müzakirəsi də gözlənilir. Onu da qeyd etmək lazımdır ki, ötən sessiyadan sonra Azərbaycanda yeni repressiyalar həyata keçirilib, QHT sektorunun çökdürülməsi prosesi gücləndirilib və xeyli sayda təşkilatın bank hesabına həbs qoyulub. Və bütün bunlarla bağlı beynəlxalq təşkilatların kəskin bəyanatları səsləndirilib, Azərbaycana qarşı sanksiya təklifləri gündəmə gəlib.
Bütün bunları nəzərə alaraq demək olar ki, payız sessiyasında Elmar Məmmədyarovu çətin sorğu-sual gözləyir.
Bu dəfə “Azərbaycanda siyasi məhbus yoxdur”, “bizə qarşı ikili standartlar tətbiq edilir” kimi arqumentlər daha da effektsiz olacaq və əks arqumentlərin sayı artacaq.
Akif