Müzəffər Baxışov: «Qanun tələb edir ki, belə hallar varsa, bir ay müddətində bu məsələ həll edilməli və həmin şəxs vəzifəsindən azad olunmalıdır»
“Azadlıq radiosu”nun daha bir araşdırması nəticəsində məlum oldu ki, ARDNŞ-də ciddi korrupsiya hallarına yol verilməkdədir. Belə ki, məlum olub ki, şirkətdə mühüm postları prezident Rövnəq Abdullayevin yaxın qohumları tutur.
Aparılan araşdırma nəticəsində məlum olub ki, SOCAR-ın indiki prezidenti Rövnəq Abdullayevin qayınatası Adəm Əliyev Bahar Energy şirkətinin həmtəsisçisi olan Rafi Oil şirkətinin ilk direktorları olublar. Bundan başqa A.Əliyevin oğlu isə artıq adı mətbuata yaxşı bəlli olan Anar Əliyevdir. Onun adı Qlobal ÿŞahid (Global Witness) Təşkilatının Azərbaycana aid 2013-cü il tarixli “Anonim Azərbaycan” (Azerbaican Anonymous) hesabatında yer almışdı. Hesabat dərc olunandan sonra Anar Əliyev bəyanatlarla çıxış edərək SOCAR prezidenti Abdullayevin əmisioğlu olduğunu inkar etmişdi.
Bəs dövlətə məxsus şirkətdə bu cür hallara yol vermək qanunvericiliklə hansı məsuliyyət səbəb ola bilər. Mətbuatda gedən bu məlamatlara hüquq mühafizə orqanları diqqət yetirməlidirlərmi?
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, ARDNŞ dövlətin şirkətidir və “Korrupsiyaya Qarşı Mübarizə Haqqında” qanunun 7-ci maddəsində məhdudiyyət var ki, yaxın qohumların bir müəssisədə işləməsi yolverilməzdir. Amma qanunvericilikdə bu məqamla bağlı müstəsna halların da olduğunu deyən M.Baxışov bildirdi ki, bu müstəsna hallar da Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunur. Bu günə kimi bu qaydalar təsdiq olunmayıb: “Əslində belə hallar korrupsiyaya şərait yaradır. ”Korrupsiyaya Qarşı Mübarizə Haqqında” qanunun 7-ci maddəsi tələb edir ki, əgər belə hallar varsa, bir ay müddətində bu məsələ həll olunmalıdır və həmin şəxs vəzifəsindən azad olunmalıdır. Amma təəssüflər olsun ki, Azərbaycanda təkcə ARDNŞ-də deyil, səhmləri dövlətə məxsus müəssisələrdə də belə hallar çoxdur. Bunun da əsas səbəbi odur ki, qanunların icrasında ciddi problemlər var. Bu problemlər isə vəzifəli şəxslərə öz vəzifə səlahiyyətlərindən süi-istifadə etməyə imkan verir. Nəticədə vəzifəli şəxslər öz yaxın qohumlarını daha çox gəlir gətirən sahələrə yerləşdirirlər. Bu qanun pozuntularına daha asanlıqla yolverməyə də xidmət edir. Normal cəmiyyət olsaydı, əslində Korrupsiyaya Qarşı Mübarizə Haqqında” qanunun 7-ci maddəsi əsas götürülərək belə şəxslərin bir-birinin tabeliyində işləməsinə imkan verilməməlidir”.
Xəyal